Modern.az

Payız sessiyasında deputatlar hansı məsələləri qabardacaq? - SORĞU

Payız sessiyasında deputatlar hansı məsələləri qabardacaq? - SORĞU

Parlament

6 Sentyabr 2012, 13:31

Oktyabrdan Milli Məclisin payız sessiyası öz işinə başlayacaq. Sentyabrın 15-dən isə komitələrdə iclaslar keçiriləcək. Bəs yaz sessiyasından sonra məzuniyyətə gedən deputatlar hansı məsələləri Milli Məclisin payız sessiyasında qaldıracaq?

Modern.az bu sualla millət vəkillərinə müraciət edib.

Deputat Əli Məsimli bildirib ki, yay tətili zamanı onlara daha çox müavinətlərin azlığı, xüsusən şikəst insanlara verilən müavinətlərin yetərli olmaması ilə bağlı müraciətlərin daxil olub.

“Biz bu məsələni müzakirə etdik, arayış hazırlayırıq və Milli Məclisdə qaldırmaqla yanaşı aidiyyatı orqanlara da göndərəcəyik. İkinci yerdə ipoteka kreditləri durur. Müraciətləri nəzərə alaraq bizim tərəfimizdən ipotekanın yeni şərtlərinin hazırlanması işinin sürətləndirilməsi və bu zaman hansı məsələlərə diqqət yetirilməsi barədə mətbuat açıqlamamız oldu. Bu məsələni də yenidən qaldıracağıq. Üçüncüsü yerlərdən gələn məktub və müraciətlərlə bağlı problemləri qaldıracağıq. Məsələn, Şəki kəndlərinin qazlaşma səviyyəsi orta respublika səviyyəsindən qat-qat aşağı olsa da, bu sahədə işlər çox ləng gedir və əhalinin haqlı narazılığına səbəb olur. Təhsil kreditləri haqqında bizim hazırladığımız qanun layihəsinin qəbulunun tezləşdirilməsi məsələsi çoxdur və Milli Məclisin iclaslarında yenə də dönə-dönə, həllini tapana qədər qaldıracağıq.

Fəzail Ağamalı yay tətilini faktiki olaraq ailəsi və nəvələri ilə keçirməyə üstünlük verdiyindən bu müddət ərzində qapalı həyat keçirib. Amma o, sentyabrın axırı, oktyabrın əvvəli seçildiyi Salyan-Neftçala dairəsinin seçiciləri ilə görüşəcəyini vurğulayıb. “Əgər onların problemləri varsa, onlarla tanış olacağıq və çalışacağam ki, o məsələlərin aradan qaldırılması üçün konkret addımlar atım”.

Deputatlar Asəf Hacıyev və Gövhər Baxşəliyeva Milli Məclisin payız sessiyasında əsas “Elm haqqında” qanun layihəsini yenidən gündəmə gətirəcəklərini qeyd ediblər. G. Baxşəliyeva bildirib ki, elmi ictimaiyyət tezliklə bu qanunun müzakirə edilib qəbul olunmasını gözləyir.

İlyas İsmayılov bu yay seçiciləri ilə görüşdüyünü və onların əsas nədən narahat olduqları barədə məlumatlı olduğunu bildirib. Lakin o, bu məsələlərin Milli Məclisdə qaldırılmasının heç bir mənası olmadığını qeyd edib. “Çünki hər hansı məsələni parlamentdə qaldırırsan, amma ona heç bir reaksiya verilmir. Ona görə də o məsələlərə yerində baxmaq lazımdır”.

Bəxtiyar Sadıqov yay məzuniyyəti dövründə baş redaktoru olduğu “Azərbaycan” qəzetinin nəşri ilə məşğul olduğunu və kollektivi istirahətə göndərdiyi üçün heç bir yerə getmədiyini bildirib. Bununla belə, o qeyd edib ki, əgər hər hansı məsələ ətrafında danışmaq istəyirsə o, Milli Məclisin sessiyalarını gözləmir və bunları qəzetdə köşə yazıları ilə dərc edir. “Məni narahat edən, düşündürən bütün məsələləri heç gözləmirəm ki, Milli Məclisdə qaldıram. Vaxtaşırı qəzetdə bu məsələlərə toxunuram və dərhal nömrəyə də verirəm”.

Aytən Əliyeva

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım