Modern.az

“Azərsu” xəbərdarlıq edir - sudan istifadə qaydaları sərtləşdirilir

“Azərsu” xəbərdarlıq edir - sudan istifadə qaydaları sərtləşdirilir

Təhsil

6 Sentyabr 2012, 14:59


“Azərsu” Açıq Səhmdar Cəmiyyətində su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən qanunsuz istifadəyə görə dəymiş ziyanın hesabatının aparılmasına dair yeni Təlimat qəbul olunub. Yeni təlimat sudan səmərəli istifadə edilməsi və su itkisinin qarşısının alınması, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən qanunsuz istifadə edən istehlakçıların aşkarlanması,  “Azərsu” ASC-yə dəymiş ziyanın hesablanması və ödənilməsi qaydalarını tənzimləyir.   

Modern.az xəbər verir ki, bu gün “Azərsu”da qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı,  Hüquq Departamentinin rəisi Mehman İbrahimov, Kommersiya Departamentinin rəisi Səday Alıyev  qəbul olunmuş yeni təlimatla bağlı mətbuat konfransı keçiriblər.
Bildirilib ki, sözügedən təlimat “Su təchizatı və tullantı suları haqqında“ qanuna, “Azərsu” ASC-nin daxili normativ sənədlərinə əsasən hazırlanıb.

Yeni təlimata görə, içməli su və kanalizasiya xidmətlərindən qanunsuz istifadə halları dedikdə “Su təchizatı və tullantı sularının axıdılması üzrə” müqavilə olmadan bu xidmətlərdən istifadə etmə, sayğacdan kənar əlavə su xəttinin çəkilməsi, əhali qrupuna aid istehlakçılara verilən suyun kommersiya obyektlərində istifadəsi, sayğaca, həmçinin sayğacın plombuna müdaxiləsi nəzərdə tutulur.  
Yeni təlimata əsasən, xidmətlərdən qanusuz istifadə aşkar edildikdə “Azərsu” ASC-nin əməkdaşları tərəfindən qanunsuz istifadəçinin nümayəndələrinin iştirakı ilə akt tərtib edilir və dərhal onun su təchizatı dayandırılır. Yazılmış akta uyğun olaraq istehlakçının fəaliyyət növünün hansı iş rejiminə uyğun olması,  ona göstərilən xidmət növü nəzərə alınmaqla Səhmdar Cəmiyyətə dəymiş ziyan hesablanır, müvafiq ödəniş sənədi və müqavilə qanunsuz istehlakçıya təqdim edilir.  Bildirişdə 5 iş günü müddətində dəymiş ziyanın ödənilməsi tələb edilir. Dəymiş ziyanı tam ödəməyənə qədər qanunsuz istifadəçinin su təchizatı bərpa olunmayacaq.

Qeyri-əhali qrupuna aid istehlakçıların xidmətlərdən  qanunsuz istifadəsi nəticəsində “Azərsu” ASC-yə dəymiş ziyanın məbləği təlimata əlavə olunmuş cədvəl əsasında hesablanır (cədvəl əlavə olunur). Məsələn, büdcə və büdcəyə bərabər müəssisələrin su xəttinin diametri 20 mm olarsa, dəymiş ziyanın hesablanması  zamanı saatlıq su sərfi 1.14 kubmetr götürülür.  Aylıq dəymiş ziyan gündəlik 8 saat olmaqla 22 gün üçün hesablanır.  Kommersiya obyektləri üçün isə eyni qayda qalmaqla ayın 30 günü nəzərə alınmaqla hesablanır.  Bunları nəzərə alsaq, büdcə və büdcəyə bərabər müəssisələrə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən qanunsuz istifadə etdiyinə görə ay ərzində 200 kubmetr, kommersiya obyektlərinə isə ay ərzində 273 kubmetr sərfiyyat götürülməklə onun dəyəri qədər dəymiş ziyan hesablanacaq.  Başqa sözlə, əgər hər hansı bir kommersiya obyekti 20 mm diametrli xətlə içməli su, eləsə də kanalizasiya xidmətlərindən qanunsuz istifadə edərsə onun sahibi 1 il üçün 3124 (üç min yüz iyirmi dörd) manat  dəymiş ziyan ödəməli olacaq. Yeri gəlmişkən, qeyri-əhali qrupu üçün dəymiş ziyan maksimum 3 illik hesablana bilər.

Sayğaca və yaxud sayğacın plombuna müdaxilə aşkar edilərsə, o zaman  sayğaca sonuncu baxışdan sonra ötən müddət üçün dəymiş ziyan hesablanır.

Əhali qrupuna aid istehlakçının xidmətlərdən qanunsuz istifadəsi aşkar edildikdə ilk növbədə həmin mənzildə yaşayanların sayı və qanunsuz istifadənin hansı vaxtdan mövcud olduğu aydınlaşdırlır. Əgər həmin mənzildə yaşayanların dəqiq sayını aydınlaşdırmaq mümkün olmazsa, evdə qeydiyyatda olanların sayı Azərbaycan Respublikası üzrə orta statistik ev təsərrüfatı üzvlərinin sayına uyğun olaraq  4 nəfər götürülür və 1 nəfər üçün normaya uyğun olaraq aylıq sərfiyyat  5 kubmetr hesablanır.  Əgər qanunsuz istifadənin hansı vaxtdan mövcud olduğunu dəqiqləşdirmək mümkün olmazsa və yaxud  həmin müddət 1 fevral 2011-ci ildən əvvələ aid olarsa, qanunsuz istifadə elə həmin tarixdən ötən müddət üçün sənədləşdiriləcək.        

Tədbirdə bildirilib ki, əhaliyə qeyri–qanuni sudan istifadəyə şərait yaratdığına görə “Azərsu” Səhmdar Cəmiyyətinin 39 əməkdaşı işdən azad olunub, 7 nəfərin işi isə hüquq- mühafizə orqanlarındadır.

Şahanə RƏHİMLİ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi