“Biz nə ittifaqıq, nə də birlik, biz demokratik mühit axtaran Məşvərət Məclisiyik”. Bu fikirləri Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Sülhəddin Əkbər 12 müxalifət partiyasının birləşərək yaratdığı Demokratik Qüvvələrin Məşvərət Məclisinin qarşıda duran perspektivlərini Modern.az-a şərh edərkən bildirib. Partiya sədrinin sözlərinə görə, Məşvərət Məclisinin qarşısında duran məqsədlər İctimai Palata ilə müqayisədə daha genişdir. S.Əkbər həmçinin bildirib ki, Müsavat və AXCP-nin birləşdiyi İctimai Palata DQMM-ə rəqib ola bilməz.
“Adından da göründüyü kimi bizim birliyimiz Demokratik Qüvvələrin Məşvərət Məclisidir. Məqsəd Azərbaycanda seçkiqabağı mühitin demokratikləşməsidir. Bu niyyəti olan qüvvələr biraraya gələrək belə qurum yaratmağa qərar verdilər. Biz bu sahədə bizi narahat edən məsələlər ətrafında birgə müzakirələr aparırıq, çıxış yolları axtarırıq. Məşvərət Məclisi “açıq qapı” siyasətinə başlayıb. İstənilən partiya və siyasi qüvvələr bu birliyə qoşula bilərlər. Qeyd edim ki, bu nə ittifaqdır nə də siyasi blokdur. Hələlik biz Məşvərət Məclisində 13 partiyanın birgə çalışmasına nail olmuşuq. Biz bundan da geniş ümumdemokratik format tapana qədər səylərimizi davam etdirəcəyik.
İctimai Palata ilə Məşvərət Məclisini eyniləşdirmək olmaz. Bunlar tam fərqli qurumlardır. Bizim istiqamətimiz tam fərqlidir. İctimai Palata yarananda qarşıya qoyulan məqsəd məlumdur, bizim birlikdə isə məqsəd daha genişdir. Bu baxımdan Məşvərət Məclisinin İctimai Palataya alternativ olduğunu düşünmürəm. Bizim belə bir niyyətimizdə yoxdur”, - deyə ACP sədri vurğulayıb.
Qeyd edək ki, 16 siyasi partiyanın birgə yaratdığı Demoratik Qüvvələrin Məşvərət Məclisinin dünən keçirilən növbəti toplantısında əsasnaməsi təsdiq edilib. ADP-nin qərargahında keçirilən toplantıda Yusif Bağırzadə (AMİP), Şakir Ulubəyli (DBP), Əvəz Temirxan (ALP), Qulamhüseyn Əlibəyli (Aydınlar Partiyası), Taliyət Əliyev (ADP), Sülhəddin Əkbər (ACP), Elşad Musayev (BAP), Əhməd Oruc (Azadlıq Partiyası), Mirmahmud Mirəlioğlu (KXCP), Mais Gülalıyev (Yaşıllar partiyası), Fuad Əliyev (ALDP), Həsən Həsənov (Azad Azərbaycan Partiyası), Tahir Abbaslı (Demokratik İslam Partiyası) iştirak ediblər.
Anar RÜSTƏMOV