Bir müddət öncə Qaradağ rayonunda baş verən qəza ictimai nəqliyyat vasitələrini sürən və orada işləyən şəxslərin təcrübəsiz və səriştəsiz olması, onların yoxlanılmadan işə qəbul edilməsi ətrafında müxtəlif fikirlərin yayılmasına səbəb olub.
“Həmin şəxslər təcrübəsiz olmayıb, onların müəyyən kateqoriyası və təcrübəsi olub. Maraqlısı da budur ki, qəzanı törədən şəxs barədə həmişə müsbət rəy olub”. Bu sözləri Modern.az saytına açıqlamasında Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov deyib.
N. Həsənov müəyyən mənada bəzən sahibkarların səriştəsiz, təcrübəsiz, məsuliyyətsiz sürücülərlə müqavilələr bağladığını təsdiqləyib. “Amma bu məsələ artıq nazirliyin diqqət mərkəzindədir, Təhlükəsizlik şöbəsi bu işlə xüsusi məşğuldur. O cümlədən də “Sərnişin Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbərliyi də bununla bağlı artıq sahibkarları yığıb söhbətlər edib”.
Mətbuat katibi bundan sonra da ictimai nəqliyyat vasitələrində işləmək üçün işə götürənlərin təcrübəsinin ciddi şəkildə araşdırılacağını qeyd edib: “Avtomobil nəqliyyatı haqqında” Qanunun tələb etdiyi bütün detallar bunlarda olmalıdır. Həm təcrübə, həm etik davranış qaydaları, sürücülük vəsiqəsi də öz yerində. Dəfələrlə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə monitorinqlər aparmışıq, belə təcrübəsiz sürücülər olub. Hətta qəza törətməyən sürücülər də olub ki, onlar işdən və ya xətdən çıxarılıb”.
Nəqliyyat Nazirliyinin sözçüsü eyni zamanda Nəqliyyatı İdarəetmə Sisteminin işləmədiyi barədə deyilən fikirlərə də münasibət bildirib. “Bu səhvdir. Hazırda bu sistemin birinci mərhələsi başa çatıb. İkinci mərhələ ilə bağlı işlər gedir. Sonra üçüncü mərhələ olacaq. Bu il və gələn ili əhatə edən ikinci mərhələdə sistemin coğrafiyası, yəni əhatə dairəsi genişləndirilir. Üçüncü mərhələdə hətta nəzərdə tutulub ki, respublika ərazisində bu sistemin tətbiqinə başlanılsın. Bakı şəhəri və ətraf qəsəbələrdə sistemlə bağlı iş başa çatdıqdan sonra üçüncü mərhələ haqqında danışmaq mümkün olacaq”.
N. Həsənov vahid kart sisteminə keçidlə bağlı bu ilin sonuna qədər müəyyən adamların atılacağını vurğulayıb. “Vahid kart sisteminin tətbiqi üzərində də işlər gedir. Vahid kart sistemi tətbiq olunsa belə, bu, ilk mərhələdə nağd ödəniş sistemi ilə eyni vaxtda qalacaq. İnsanların kart sistemindən istifadəsində müəyyən çətinliklər meydana çıxar, ona görə hər iki sistem müəyyən vaxtlarda paralel aparılacaq”.
Aytən Əliyeva