Modern.az

AŞPA-da Ramil Səfərovla Norveçli qatil müqayisə edilib, ermənilər susdurulub

AŞPA-da Ramil Səfərovla Norveçli qatil müqayisə edilib, ermənilər susdurulub

6 Sentyabr 2012, 22:20

Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov sentyabrın 6-da Parisdə assambleyanın Hüquqi işlər və insan haqları komitəsinin iclasında Ramil Səfərovun məsələsi ilə əlaqədar erməni deputatların əsassız iddialarını cavablandırıb. Bu haqda məıumat verən R.Hüseynov bildirib ki, R.Səfərovun ekstradisiyası və əfv edilməsinin nə dərəcədə qanunuyğun olması ətrafında gedən diskussiyalarda ayrı-ayrı komitə üzvlərinin, o cümlədən ermənistanlı deputat A.Rustamyanın əsassız iddiaları olub. Millət vəkili qeyd edib ki, Ramil Səfərovla əlaqədar məsələnin Hüquqi işlər və insan haqları komitəsində müzakirə edilməsini müsbət qiymətləndirir.

R.Hüseynov çıxışında qeyd edib ki, bu problem Ermənistanın Azərbaycana təcavüzü, Azərbaycan ərazilərinin 20 faizinin zəbt edilməsi, 1 milyona yaxın insanın qaçqına və məcburi köçkünə çevrilməsi, minlərlə insanın həyatını itirməsi, ömürlük şikəst olması ilə nəticələnən və 20 ildən artıq müddətdə davam edən işğalçı müharibə ilə bilavasitə bağlıdır:

“Ramil Səfəriov məsələsindən hər dəfə bəhs edərkən mütləq bu münaqişənin təfərrüatlarını da dilə gətirməliyik. Açdığınız müzakirələr hər dəfə bizə bu məsələni bir daha diqqətə çatdırmağa imkan verəcəkdir. Ramil Səfərov hadisəsi həmin işğalçı müharibə ilə birbaşa bağlıdır, həmin münaqişənin fəsadlarından biri kimi qavranılmalıdır və heç vəchlə ayrıca deyil, məhz həmin Ermənistan-Azərbyacan, Dağlıq Qarabağ münaqişəsi kontekstində arışdırılmalıdır. Çünki Ramil Səfərov özü də hazırda erməni işğalı altında olan Azərbaycan rayonundandır, onun qohum-əqrəbası, ailəsi illərdir ki, qaçqın həyatı yaşamağa məcburdur, erməni yaraqlıları Ramil Səfərovun gənc bir qohumunu işğal zamanı qətlə yetirmişlər və bu hadisələrin içərisində olan cavan zabitin ruhi vəziyyətini anlamaq lazımdır. Həm də Azərbaycan zabiti bu hadisəni mülki bir situasiyada deyil, hərbi şəraitdə, Macarıstanda təlimlər keçərkən törətmişdir. Durduğu yerdə də deyil, Ermənistandan olan həmkarının Azərbaycan bayrağının, Ramil Səfərovun ailəsinin ünvanına ən müxtəlif və ardıcıl təhqirlərindən sonra emosional gərginlik vəziyyətində törətmişdir.

Təbii ki, hər bir ölüm faciədir və biz bu qətli təqdir etmirik. Lakin hadisənin hansı şəraitdə törədildiyi də gərək nəzərdən qaçırılmasın. Hər cinayət əməlinə görə cəzanın da təbii hüdudu var. Təəssüf ki, Macarıstan məhkəməsi xeyli dərəcədə erməni lobbisinin təzyiqləri və yaratdığl beynəlxalq ajiotaj sayəsində Ramil Səfərova həddən artıq ağır cəza – ömürlük həbs müəyyən etmişdi. 2011- ci ilin 22 iyulunda Osloda ikiqat terror törədərək 77 nəfəri qətlə yetirmiş Norveç vətəndaşı Anders Breyvikə lap bu yaxınlarda vur-tut 21 il həbs cəzası verildi, Ramil Səfərova isə affekt halında törətdiyi əmələ görə ömürlük həbs. Əlbəttə ki, ədalətsiz yanaşmadır.

Ramil Səfərovun Azərbaycana təhvil verilməsinə gəlincə, bu, “Məhkum olunmuş şəxslərin ekstrasdisiyası haqqında” Avropa konvensiyasına tam uyğun olaraq gerçəkləşdirilmiş, Azərbaycan Prezidentinin onun əfv edilməsi haqqında sərəncamı da ölkə Konstitusiyası və qanunvericiliyinə dəqiqliklə əməl edilməklə həyata keçirilmişdir. Yəni hər şey tam qanun çərçivəsindədir və bu addımlara qarşı istənilən etirazlar hissiyyatdan başqa bir şey deyil və heç bir nəticə verməyəcəkdir. Avropa konvensiyasında hansısa boşluqlar görürsünüzsə, bu istiqamətdə müzakirələr aparıla, hətta gələcəkdə konvensiyada hansısa dəyişikliklər də edilə bilər. Lakin bunun Ramil Səfərova heç bir aidiyyəti olmayacaq. Çünki qanunun geriyə gücü yoxdur, qanun geriyə işləmir”.

R Hüseynov çıxışı zamanı deyib ki, Ermənistan tərəfin Ramil Səfərovun dərhal əfv edilməsinə qarşı etirazlı hay-küyləri əsassızdır:

“Dünya terror şəbəkəsinin ən qəddar qatillərindən biri kimi məşhur olan erməni Monte Melkonyan vaxtilə törətdiyi cinayətlərə görə Parisdə mühakimə edilmiş və sonra Fransa hökuməti tərəfindən Ermənistana ekstradisiya edilmişdi. Ermənistanın onu dərhal əfv etməsi bir yana, bu qatı terrorçuya rəsmən prezident fərmanı ilə Milli Qəhrəman adı vermişdi.

Azərbaycan Prezidentinin Ramil Səfərovu əfv etmək qərarı isə həm də Azərbaycan cəmiyyətindən gələn sifarişdir, Ramil Səfərov kimi 1 milyon qaçqını olan ölkənin istəyidir. Ermənistan tərəfi məsələyə konstruktiv yanaşsa, əksinə, görər ki, belə bir qərarın verilməsi münsibətləri kəskinləşdirməyə deyil, tarım çəkilmiş hissləri toxtatmağa, sakitləşdirməyə yönəlib. Məgər Avropa Şurasının istədiyi də elə bu deyilmi?

Hüquqi müstəvidə belə müzakirələr aparılmağına etiraz yoxdur və bəlkə də soyuq başla aparılan bu qəbil nəzəri diskussiyalar əhəmiyyətlidir. İndiki halda narahatlıq doğuran başqa məqam, Ermənistan dövlətinin son dərəcə aqressiv mövqeyidir. Ermənistan Parlamentinin üzvü, Ermənistanın ATƏT-dəki nümayəndə heyətinin rəhbəri Artaşes Geqoamyan müsahiblər dərc etdirərək, bəyanatlar verərək ermənilərin XX əsrdə Azərbaycan və türkiyəli diplomatlara, dövlət adamlarına, siyasi xadimlərə qarşı törətdiyi terror aktlarından bəhs etmiş, bir-bir onların adlarını sadlamış və açıqca hədələmişdir ki, indi həmin hərəkətlər Azərbaycan dövlət xadimləri və siyasətçilərinə tətbiq ediləcəkdir. Bu bəyanatın ardınca Azərbaycanın müxtəlif xarici ölkələrdəki diplomatik nümçayəndilikılərinə, səfirliklərinə Ermənistan dövləti ilə sıx əməkdaşlıq şəraitində fəaliyyət göstərən erməni terror təşkilatlarından ölüm hədəli məktublar daxil olmuşdur. Biz bunları yolvrilməz sayır, qətiyyətlə rədd edirik, Avropa Şurasını dəvət edirik ki, Ermənistanı belə qanunazidd addımlar atmaq, belə məsuliyyətsiz bəyanatlar verməkdən çəkindirsin.

Ramil Səfərovun Macarıstandan Azərbaycana ekstradisiya edilməsi və Azətrbaycan Prezidenti tərəfindən əfv edilməsi hüququn, qanunçuluğun tələblərinə tam riayət etməklə yerinə yetirilmiş və artıq bitmiş olan məsələdir, tarixin arxada qalan səhifədir. Bütün isterikalara baxmayaraq burada nəsə dəyişiklik etmək daha mümkün deyil. Qarşılıqlı ittihamlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə xidmət etmir.

Ramil Səfərovun azad olunmasından narahatlıqlarını ifadə edən şəxslər və təşkilatlar daha əvvəl münaqişənin həllinin niyə belə uzanmasından narahatlıq keçirsələr daha yaxşı yaxşı olardı”.

Deputat Rafael Hüseynovun çıxışı maraqla qarşılanıb, hüquqi işlər və insan haqları komitəsinin üzvləri Diaz Tejera, Anton Belyakov, Mövlud Çavuşoğlu və digərləri, söz alaraq məsələ ilə bağlı fikirlərini bildirib, R. Hüseynovun mövqeyini dəstəkləyiblər.

Modern.az

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi