Modern.az

M.Ə.Rəsulzadənin məzarında təmirə ehtiyac yaranıb - FOTOLAR

M.Ə.Rəsulzadənin məzarında təmirə ehtiyac yaranıb - FOTOLAR

Reportaj

7 Sentyabr 2012, 09:33

Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə 1955-ci ildə martın 6-da Türkiyənin Ankara şəhərində vəfat edib, oradakı Əsri qəbiristanlığında dəfn olunub.

1992-ci ilədək Sovet İmperiyasının mövcudluğu, Azərbaycanla Türkiyə arasında gediş-gəlişin olmaması Rəsulzadənin məzarını ziyarət etməyə imkan vermirdi. Ancaq sovetlər dağılandan sonra Azərbaycanla Türkiyə arasında əlaqələr bərpa olundu, Azərbaycandan M.Ə.Rəsulzadənin məzarını ziyarətə gedənlər çoxaldı. 1999-cu ildə isə məzarının üstü yeniləndi.  

Modern.az-ın məlumatına görə, Məhəmməd Əmin Rəsulzadənin məzarında yenidən təmirə ehtiyac yaranıb. Bu günlərdə Rəsulzadənin qəbrini ziyarətdən qayıdan soydaşlarımız oradan yeni fotolar çəkib bizə təqdim ediblər. Onların sözlərinə görə, məzarın ətrafında ucalan sütunların üst qatında çatlar əmələ gəlib, rəngi solub. Təmir üçün o qədər də çox vəsaitin tələb olunmadığı bildirilir.

Qeyd olunur ki, hökumət bir yana, özlərini Rəsulzadənin davamçısı sayan adamlar 400-500 manatdan keçməklə bu məsələni həll edə bilərlər. 

Ərazi üzrə bələdiyyədən də soydaşlarımıza bildirilib ki, məzar ətrafında təmir-abadlıq işləri aparmaq o qədər də böyük vəsait tələb etmir. Bunu bələdiyyənin özü də edə bilər. Lakin bir müraciət lazımdır. Çünki burada fərdi qaydada təmir işləri görülmür.  

Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa 3 il öncə Ankarada M.Ə.Rəsulzadənin məzarını ziyarət etdiyini bildirir. Rəsulzadənin məzarının təmiri məsələsinə toxunan deputat məsələni böyütməyə ehtiyac duymur: “Əgər belə bir şey varsa, cənab prezidentə müraciət edə bilərik. Məncə prezident də bu məsələyə həssas yanaşar və buna kifayət qədər vəsait ayırar. Beləcə bu məsələ də həll oluna bilər”.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu 1992-ci ildə mərhum Əbülfəz Elçibəylə və 1998-ci ildə Ankarada olanda M.Ə.Rəsulzadənin məzarını ziyarət edib. O, Rəsulzadənin qəbrinin yenidən təmir edilməsini yox, Azərbaycana köçürülməsini istəyir. “Azərbaycan hökümətinin müqəddəs vəzifələrindən biri də odur ki, qəbrin saxlanılması, təmiri, yenidən qurulması və s bütün işlərin hamısını öz üzərinə götürsün. Qəbir təmir olunmalıdır, əgər imkan varsa Azərbaycana gətirməlidir. Təəssüf ki, Rəsulzadənin Azərbacan paytaxtında adicə bir abidəsi belə, yoxdur...”.   





Sevinc İltifatqızı
   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI