Modern.az

Azərbaycan prezidentlərinin oğulları - VARİSLƏR

Azərbaycan prezidentlərinin oğulları - VARİSLƏR

Reportaj

7 Sentyabr 2012, 15:01

Onların arasında atalarının siyasi mövqeyinin daşıyıcıları da, siyasətdən kənar duranlar da var

Azərbacan müstəqil dövlət olaraq dördüncü Prezidentinin rəhbəriliyi altında yaşayır. 1991-ci ildən bu yana keçən son 20 il ərzində ölkəyə rəhbərlik edən Ayaz Mütəllibov, mərhum Əbülfəz Elçibəy və Heydər Əliyev idarəetmə ilə yanaşı, həm də ailələrini də bu tarixə yazıblar. Onların  siyasi fəaliyyəti dövründə övladları arxa planda saxlansa da, ictimai rəy ali hakimyyəti təmsil edən şəxslərin davamçıları ilə daim maraqlanıb.

Modern.az ölkəyə rəhbərlik etmiş prezidentlərin oğulları barədə yazı hazırlayaraq, vaxtilə siyasi zirvədə olan ataların varislərini təqdim edir.

Azərbaycanın ilk Prezidenti Ayaz Mütəllibov 1991-ci ilin sentyabrında keçirilən seçkilərdə bu posta əyləşə bilib. Hələ 1990-cı ilin yanvar ayında Azərbaycan SSR-in Mərkəzi Komitəsinin birinci katibi təyin olunan Mütəllibov imperiyanın dağılmasından sonra idarəetmənin adını dəyişərək prezident üsul-idarəsini bərqərar edib.
1992-ci ildə AXC tərəfindən devrilən Mütəllibov Moskvaya mühacirət edib. 2012-ci ildə qəbul edilmiş eks-prezidentlər haqqında qanuna əsasən, o, Azərbaycana qayıdıb.
1938-ci ildə anadan olan Ayaz Mütəllibov 1956-cı ildə dostunun ad günündə həyat yoldaşı ilə tanış olub. Ayaz və peşəcə həkim olan Adilə Mütəllibovaların evliliyindən iki övladları dünyaya gəlib.

Eks-prezidentin böyük oğlu Azad Mütəllibov 1962-ci ildə anadan olub.
İkinci oğlu Zaur isə 1970-ci ildə doğulub. Eks-prezidentin 21 yaşında Tahir və 20 yaşında Mədinə adında iki nəvəsi var.
1992-ci ildə ataları ilə birgə Moskvaya gedən övladları bir müddət orada yaşadıqdan sonra Bakıya qayıdıblar.
Azad Mütəllibov 2011-ci ilin avqust ayında ağır xəstəlikdən sonra 49 yaşında dünyasını dəyişib. Məlumatlara görə, mərhum iş adamı olub.

Eks-prezidentin kiçik oğlu Zaur Mütəllibov da bizneslə məşğuldur.
Qeyd edək ki, Mütəllibovun oğulları heç zaman aktiv siyasi həyata qarışmayıblar. Hətta eks-prezidentin aktiv şəkildə müxalifətdə fəaliyyət göstərdiyi 2000-2003-cü illərdə belə, onlar hər hansı siyasi mövqe nümayiş etdirməyiblər.

Azərbaycanın ikinci Prezidenti Əbülfəz Elçibəy 1992-1993-cü illərdə hakimiyyətdə olub. Xeyli gec evlənən Elçibəyin iki övladı var. Qızı Çilənay və oğlu Ərtoğrul. Prezident postu tutduğu dövrdə Elçibəyin ailəsi həmişə media üçün əlçatmaz olub. Bu baxımdan Elçbəyin övladarı haqqında məlumatlar o, vəfat edənədək çox məhdud idi.
Elçibəyin hakimiyyətdə olduğu dönəmdə balaca olan uşaqları indi böyükdürlər. Lakin Elçibəyin övladlarının ölkə siyasi həyatı ilə bağlı hər hansı açıqlaması olmayıb. Eks-prezidentin övladları KİV-in diqqətindən kənarda qalmağa üstünlük verirlər.

Elçbəyin oğlu Ərturqut Bakı Kooperasiya Unversitetini bitirib. Ali məktəbdə ona dərs demiş, adının çəkilməsini istəməyən müəllimlərdən birinin dediyinə görə, Elçibəyiin oğlu xüsusi bir həyat tərzi və fəaliyyəti ilə seçilməyib. Dərslərdə davamlı iştirak edən Ərturqut sakit təbiəti ilə seçilib. 
Ərturqut ali təhsilini tamamladıqdan sonra qanunvericiliyə uyğun olaraq Binəqədi rayonu Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. O, Gəncədəki “N” saylı hərbi hissədə xidmət edib. Daha sonra bir müddət Türkiyədə yaşayan, orada təhsilini davam etdirən Ərturqutun indi 25 yaşı var. Eks-prezidentin oğlu işsizdir. Verdiyi müsahibəsində dövlət işində çalışmaq istədiyini, lakin işə götürülmədiyini bildirib.

Azərbaycanın üçüncü Prezidenti Heydər Əliyev  sovet partiya işçisi olmuş Əziz Əliyevin qızı Zərifə Əliyeva ilə ailə qurub. Onların birgə nigahından iki övladı dünyaya gəlib.

Oğlu, hazırda Prezident vəzifəsini icra edən İham Əliyev 1961-ci ildə dekabrın 24-də Bakı  şəhərində anadan olub. 1977-77-ci illərdə Bakıdakı 6 saylı orta məktəbdə təhsil alıb. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna (MDBMİ) daxil olub. MDBƏİ-ni bitirdikdən sonra institutun aspiranturasına qəbul edilib, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb. 1985-90-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləyib. 1991-1994-cü illərdə özəl biznez sahəsində çalışıb. Bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.
1994-cü ildən 2003-cü ilin avqust ayınadək ARDNŞ-in vitse-prezidenti, birinci vitse-prezidenti olub. Siyasi elmlər doktorudur. 1995-ci və 2000-ci illərdə Milli Məclisə deputat seçilib.
2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verilib.
2003-cü və 2008-ci illərdə Prezident seçilib. Ailəlidir. Üç övladı, 3 nəvəsi var.
Digər prezident övladlarından fərqli olaraq İlham Əliyev ictimai-siyasi fəaliyyətində həmişə fəal olub. Hələ 1990-cı ilin qanlı yanvar hadisələri zamanı Moskvada mətbuat konfransı keçirən Heydər Əliyev ora 31 yaşlı oğlu İlhamla gəlmişdi. Mərhum Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışınıdan sonrakı illərdə İlham Əliyev aktiv ictimai-siyasi fəaliyyət göstərib.


Prezident İlham Əliyevin oğlu Heydər Əliyev 1997-ci ildə anadan olub. Bakıda babası Heydər Əliyevin adını daşıyan Müasir Təhsil Kompleksində ümumi orta təhsil alan prezidentin oğlu daha sonra təhsilini davam etdirmək üçün xaricə gedib.
Kiçik Heydər Əliyev ara-sıra ziyafətlərdə və bəzi rəsmi tədbirlərdə atasını müşayiət edir. Bir neçə il əvvəl kiçik Əliyevə ingilis dilindən dərs demiş konqolu müəllimi Manto öz açıqlamalarında prezidentin oğlunu tərifləmişdi.
“Mənə demişdilər ki, prezidentin oğlu sizin dərs dediyiniz sinifdə oxuyur. Amma o sinifdə prezident oğlu olduğu heç vaxt hiss olunmurdu. Düzü, valideynlərini heç zaman məktəbdə görməmişəm. Amma bir müəllim kimi mənimçün ən önəmlisi məktəblinin savadıdır, valideyni yox. Çox ağıllı, dərrakəli uşaqdır. Cəld işləyir, nümunəvi davranır, prezident oğlu olduğunu əsla hiss etdirmirdi”-deyən Manto H.Əliyevin ingilis dilini mükəmməl səviyyədə bildiyini vurğulayıb.

Dünyada bütün eks-prezidentlərin övladları özlərilə həm də atalarının tutduqları siyasi fəaliyyətin ağırlığını və yükünü daşıyırlar. Bu yük isə həddən artıq çətin və mürəkkəb şəraitlərdən keçir.  

Xaqani SƏFƏROĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı