Bu gün "DÇ-2014"ün seçmə mərhələsinin oyunlarına start veriləcək. Modern.az-ın məlumatına görə, Azərbaycan milli komandası seçmə mərhələdə ilk sınağına çıxacaq. Milli komandamız yenicə təmirdən çıxan Tofiq Bəhramov adına Respublika stadionunda İsrail millisini qəbul edəcək.
Millimiz doğma azarkeşləri önündə oynadığı üçün, azda olsa bu üstünlükdən yararlanmağa çalışacaq. Azərbaycan - İsrail matçı saat 21:00-da başlayacaq. Oyunu sloveniyalı hakimlər idarə edəcək.
Bundan başqa ölkəmizin yer aldığı F qrupunda digər iki oyun da bu gün keçiriləcək. Rusiya yığması öz meydanında Şimali İrlandiyanı qəbul edəcək. Qrupun favoritlərindən sayılan Portuqaliya millisi isə səfərdə Lüksemburqun qonağı olacaq.
Qeyd edək ki, bu oyuna qədər İsrail yığması ilə 3 dəfə qarşılaşmışıq. İlk dəfə bu komanda ilə 1994-cü il noyabrın 16-da qarşılaşmışıq. Trabzonda baş tutan AÇ-nin seçmə mərhələsi çərçivəsindəki görüşdə yığmamız 0:2 hesablı məğlubiyyətlə üzləşib. 1995-ci ilin 11 oktyabrına təsadüf edən Təl-Əvivdəki cavab oyunu da millimiz üçün uğursuz olub. Meydan sahibləri həmin oyunda da qapımızdan iki cavabsız top keçirib. Sonuncu görüş isə yoldaşlıq görüşü çərçivəsində keçirilib. 2004-cü il, fevralın 18-də Ramat-Qannda baş tutan İsrail – Azərbaycan oyunu 6:0 hesabı ilə rəqib komandanın xeyrinə başa çatıb. Bu günə kimi keçirdiyimiz 3 oyunda bu komanda millimizin qapısına 10 cavabsız top vurub.
İndi əvəz çıxmaq lazımdır...
Anar Kəlbiyev