Modern.az

Bəzi adamlar Sabirabadla bağlı uydurmalar yaradır – DEPUTAT

Bəzi adamlar Sabirabadla bağlı uydurmalar yaradır – DEPUTAT

7 Sentyabr 2012, 16:31

Sabirabad rayonunda sel və daşqınlardan əziyyət çəkmiş sakinlər Bakıya yürüşə hazırlaşır. Rayonun Yuxarı Axtaçı, Mürsəlli və Ulacalı yaşayış məntəqələrində hələ də acınacaqlı vəziyyət hökm sürür. Bu barədə rayon sakinləri mətbuatda fikirlər səsləndiriblər.

Modern.az-a açıqlamasında Sabirabaddan seçilən deputat Rüstəm Xəlilov yürüş barədə söz-söhbətlərin əsassız olduğunu deyib: “Yalandır. Mətbuatda çox söz deyilə bilər. Sabirabadlıların Bakıya gələcəyi, hansısa bir dövlət qurumuna müraciət etmək haqqında fikirləri yoxdur. Sadəcə, müəyyən insanlar, dairələr var ki, belə söhbətlərin yaranmasına maraqlıdırlar. Sel fəlakətindən əziyyət çəkən hər bir sakinə kompensasiya ödənilir, evlər də tikilir, demək olar ki, rayonda tikinti işləri bitmək üzrədir.

Sabirabadda sakitlikdir, hər kəs öz işi ilə məşğuldur. Prezidentin sərəncamına əsasən nəinki Sabirabadda, ümumiyyətlə Kür qırağı rayonlarda daşqınlardan əziyyət çəkənlərin evləri tikilir. Bununla bağlı ikinci bir sərəncam da verildi. Ölkə başçısı həmin sakinlərə öz diqqətini göstərir. Bunu rayondan seçilən bir deputat kimi yox, bir Sabirabad sakini kimi deyirəm”.  

Rayonda tikinti-bərpa işlərinin tam olaraq, nə vaxt bitəcəyinə gəlincə, deputat dəqiq bir vaxtın bəlli olmadığını deyib.  

Nihadə Eyyubova
 
Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi