“Suriyada Bəşər Əsədə xalqın böyük simpatiyası var idi”
Azərbaycan-Suriya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, şərqşünas alim Gövhər Baxşəliyeva Suriya xalqının narazılıq etdiyi president Bəşər Əsədin bilinməyən tərəfləri barədə Modern.az-a danışıb. Deputat Bəşər Əsədin deyildiyi qədər qəddar olmadığını qeyd edib.
G.Baxşəliyeva Suriyaya səfəri zamanı Əsədlə bağlı şahidi olduğu xatirələrini və onunla görüşmək cəhdindən danışıb. Deputat deyir ki, Suriyada olanda Bəşər Əsəd Azərbaycan nümayəndə heyətilə görüşmək istəyirmiş.
“Bəşər Əsəd bir neçə il əvvəl Bakıda səfər etmişdi. Əsəd səfəri çərçivəsində Milli Məclisə də gəlmişdi.Milli Məclisin qonaqlar üçün qoyulan kitabında Bəşər Əsədin ürək sözləri də var idi. O Azərbaycanla bağlı xoş sözlər yazmışdı. O zaman belə bir görüş olmuşdu. Amma mənim təəssüflər olsun ki, Əsədlə şəxsi görüşüm olmayıb. 2010-cu ildə biz Dəməşqdə səfərdə olanda Əsədlə görüşümüz gözlənirdi, amma bu, baş tutmadı. İndiki kimi yadımdadır o zaman İslam Konfrasının sessiyası keçirilirdi. Mən də Azərbaycan tərəfindən o sessiyada iştirak edirdim. Bizə əvvəlcə bildirdilər ki, Bəşər Əsəd də konfransa qatılacaq, amma sonradan bildirildi ki, prezident Qəzzaya gedib. Mən Suriyada parlament sədri ilə görüşməli oldum, o, bizə Əsədin salamlarını çatdırdı”.
Bəşər Əsədlə görüşünün alımadığını deyən millət vəkili ona qarşı haqsızlıq edildiyini vurğulayıb. Deputatın sözlərinə görə, Suriyada xalq göründüyü kimi Əsədə qarşı deyil.
“İndi televiziyada göstərirlər ki, Suriyada insanlar Əsədə qarşı narazılıqlarını bildirirlər. Amma biz iki il bundan öncə Dəməşqdə olanda suriyalılar Əsəddən çox razı olduqlarını bildirirdilər. Konfrans ərəfəsində küçədə adi insanlarla da görüşürdük. İnsanların Əsədə qarşı bir dəfə də narazılıq etdiyinin şahidi olmadım. Dəməşq çox gözəl və səliqəli idi. Böyüyündən kiçiyinə kimi hamı həyat şəraitindən razılıq edirdi.
İndi Əsədlə Qəddafini eyniləşdirirlər. Bu düzgün deyil. Mən Liviyada olanda insanlar Qəddafidən razı deyildilər. Xatırlayıram ki, Liviyada olanda insanlar Qəddafinin qarşısında ondan razılıqlarını bildirirdilər, amma gedəndən sonra başqa cür danışırdılar.
Suriyada isə vəziyyət belə deyildi. Sadə xalq Bəşər Əsədin humanitar insan olduğunu bildirirdilər. Təəccüblüdür ki, indi nə üçün ona qarşı çıxırlar. Bir sözlə, Suriyada rəhbərə qarşı böyük sevgi var idi”, - deyə G.Baxşəliyeva bildirib.
Qeyd edək ki, Suriya prezidenti Bəşər Əsəd sonuncu dəfə Azərbaycana 2009-cü il iyulun 8-də səfər edib. Əsədin səfəri Azərbaycan prezidenti İlham Əliyevin rəsmi dəvəti ilə baş tutub.
Azərbaycana səfəri zamanı Bəşər Əsəd ölkə rəhbərliyi ilə görüşdükdən sonra Milli Məclisdə də olub.
Hazırda isə Suriyada Bəşər Əsədə qarşı uzun müddətdir davam edən narazılıq aksiyaları, qanlı qırğınlar davam edir. Suriya xalqı Əsədin hakimiyyətini qəbul etməyərək, onu istefa verməyə çağırsa da, prezident illərdir qoruyub saxladığı səltənəti əldən vermək niyyətində deyil.
Anar RÜSTƏMOV