Bu gün onların - gözəgörünməz qəhrəmanlarımızın günüdür. Ömürlərini gilə-gilə, damla-damla dövlətçiliyimizin, milli təhlükəsizliyimizin qorunmasına həsr edən DTX əməkdaşlarının peşə günüdür.
Belə bir gündə onu yad etsəm, yerinə düşər. Rəhmətlik Aydın Rəhimovu... Hər dəfə 28 mart gələndə o yadıma düşür... Aydın Rəhimov müstəqil Azərbaycanın 1 noyabr 1991-ci ildə yaradılan Milli Təhlükəsizlik Nazirliyinin peşəkar əməliyyatçılarından biri idi. Təəssüf ki, vaxtsız ölüm onu aramızdan tez apardı. Bəli, məhz bu gün 14 dekabr 2015-ci ildən ləğv edilən MTN-nin, indiki Dövlət Təhlükəsizlik Xidmətinin mərhum - düz 27 il əvvəl avtoqəza nəticəsində dünyasını dəyişmiş bir əməkdaşını yad edəcəyəm.
Aydın Xeybər oğlu Rəhimov 1957-ci ildə keçmiş Qazıməmməd - indiki Hacıqabul rayonunda doğulub. 1980-ci ildə keçmiş ADU-nun-indiki Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirib. Bir müddət komsomol sistemində işləyəndən sonra Rəhimov xüsusi xidmət sahəsində işləməyə başlayıb. 1991-ci ildə MTN yaradılandan sonra bölgələrdə də şöbələri təşkil edilib. Aydın müəllim Quba rayon şöbəsinin ilk rəisi olub. Mən onda "Qusar"qəzetinin əməkdaşı idim. Peşəmlə bağlı Aydın Rəhimovu yaxından tanımışam. Sadə, təvazökar, peşəkar, yeri gələndə tələbkar - olduqca sərt və ürəyi təmiz gözəl bir insan idi Aydın müəllim. Qubada işləsə də, Qusara diqqəti çox idi. 1993-cü ildə MTN-nin Qusar rayon şöbəsinin yaranması da məhz onun təşəbbüsü ilə reallaşıb. Bu barədə mənim onunla rayon qəzeti üçün müsahibəm də olub, bir azdan həmin müsahibəyə qayıdacağam. Aydın Rəhimovu unutmayan keçmiş həmkarı Əli Qədirovun onunla bağlı xoş xatirələri var.
Əli Qədirov deyir ki, 1994-cü ildə MTN-nin Qusar rayon bölməsinə rəis təyin olunub. Bildirir ki, Aydın müəllimin barəsində hələ Kəlbəcərdə işləyəndə çox xoş sözlər eşidib:
"O vaxtlar MTN-nin Quba rayon şöbəsinin rəisi olan Aydın Rəhimovun bacarıqlı əməliyyat işçisi olmasını eşitmişdim. 1994-cü ildə Qusar rayon şöbəsinə rəis təyin olunandan sonra onunla yaxından tanış oldum, təmaslarımız, xidməti münasibətlərimiz artdı. Tam səmimiyyətlə deyirəm ki, bu dövr olduqca əlamətdar, xatırlayanda mənə xoş ovqat bəxş edən dövrdür. Bu müddət ərzində mən bir daha yəqin etdim ki, onun səriştəli işçi və təvazökar insan olması haqda deyilənlər doğrudan da həqiqət imiş".
Keçmiş MTN-çinin sözlərinə görə, 1990-cı illərin əvvəllərində ölkəmizin şimalinda ictimai-siyasi vəziyyət çox gərgin idi. "Sadval" ləzgi təşkilatının pozuculuq fəaliyyəti nəticəsində Azərbaycan-Rusiya avtomobil yolunda ölkəmizin əleyhinə mitinqlər təşkil edilirdi. Separatçıların dövlətçiliyimizə zidd hərəkətlərinin qarşısını almaqda MTN digər dövlət qurumları ilə birgə çox güclü iş aparırdı. Belə bir mürəkkəb vaxtda Aydın Rəhimov Qusardakı həmkarına gərgin məqamlarda çox köməklik edib. Əli müəllim onlardan birini belə xatırlayır: "Qanunsuz mitinq iştirakçıları arasında terror-təxribat qrupunun olması barədə əməliyyat məlumatları əldə edirdik. 90-cı illərin əvvəlini xatırlayanların yadında olar. 1993-cü ildə 20 Yanvar metrosunda terrorçular tərəfindən partlayış törədilmişdi, çox sayda ölən və yaralanan vardı. Həmin dövrdə Qusar rayon şöbəsində işimizin əsas istiqamətlərindən biri də həmin terrorçuların axtarılması və tutulması idi. Tezliklə bu terrorda əli olan bir sıra cinayətkarların izinə düşdük və onları yaxalamağa başladıq. Həm də Samur keçid məntəqəsində qanunsuz mitinq iştirakçıları olan Dağıstan sakinlərini tutub Qubaya aparırdıq. Bu vaxtlarda Aydın Rəhimov mütəmadi olaraq mənimlə rabitə əlaqəsi saxlayır, istənilən köməyi etməyə hazır olduğunu bildirirdi. Düşmənin zənnini azdırmaq üçün yaxaladığımız terrorçuları öz xidməti avtomobilimizlə Quba şəhərinə aparır, şərti yerdə cinayətkarları Quba rayon şöbəsinin avtomaşını ilə Bakıya etap edirdik. Dəfələrlə özü də. Bu işdə Aydın Rəhimovun bizə köməyi əvəzsiz idi".
Əli müəllimin sözlərinə görə, Aydın Rəhimov çox xeyirxah insan idi. Böyük filosof-tənqidçi Vissarion Belinski yazırdı ki, alim, şair, hərbçi olmaq yaxşıdır, lakin çox pisdir ki, bu xüsusiyyətlərə malik olan adam insan olmasın. Aydın Rəhimov bütün bu gözəl xüsusiyyətləri özündə birləşdirən bir şəxsiyyət kimi həm də yaxşı insan idi. Elə insanlar var ki, kiməsə yaxşılıq etmək üçün həddindən artıq fikirləşir, elə bu səbəbdən də yaxşılıq etməyə vaxtları da çatmır. Aydın Rəhimov isə insanlara yaxşılıq etmək üçün çox fikirləşmirdi, bunun üçün çox tələsir və yaxşılıq etməkdən həzz alırdı. O insanlara nə qədər nəvazişlə yanaşırdısa, cinayətkarlara qarşı isə bir o qədər də amansız, sərt və dözülməz idi".
Əli Qədirov danışdıqca Aydın müəllimlə bağlı mənim də xatirələrim gözlərim önündə canlanır. Doğrudan da əsl, peşəkar çekist, gözəl insan idi Aydın müəllim. Mənəvi dəstəyi çox olub mənə. Məni Qusarda ilk dəfə görəndə dediklərini yaxşı xatırlayıram indi. Mən ona Qusara 1987-ci ildə universitetin jurnalistika fakültəsini bitirəndən sonra təyinatla gəldiyimi dedim. Onu tanıyanda artıq 6-cı il idi Qusarda rayon qəzetində işləyirdim. Mənə söylədi ki, Qusarda çalışmağın çox təqdirəlayiqdir. Bu həssas, amma gözəl rayonda işləməklə çox təcrübə qazanacaqsan.
1993-cü ildə keçmiş MTN-nin Qusar rayon şöbəsi yaradılıb. İşlədiyim "Qusar"qəzetinin redaktoru, mərhum Bahadur Qaçabəyov mənə Quba şöbəsinin rəisi Aydın Rəhimovdan müsahibə almağı tapşırmışdı. Niyə bəs Rəhimovdan? Yuxarıda demişdim, Qusarda şöbənin fəaliyyətə başlaması Aydın müəllimin təşəbbüsü ilə baş tutub. Bildiyimə görə, rəhmətlik bu barədə ovaxtki nazir Nəriman İmranov qarşısında məsələ qaldırıb və məsələ müsbət həll olunub. Aydın müəllim müsahibəsində Qusarda MTN-nin şöbəsinin açılma zərurətindən danışıb. Təəssüf ki, həmin qəzet məndə qalmayıb. Lakin şəxsi arxivimdən həmin müsahibənin makinada yazılmış iki vərəqini tapdım. Aydın müəllim bəzi yerlərdə düzəlişlər də edib. Mən adətən hər hansı mətbuat orqanına verəcəyim yazını heç vaxt müsahibə aldığım adama əvvəlcədən göstərməmişəm. Bu, mənim təcrübəmdə olmayıb. Amma 1993-cü ildə- qaragüruhçuluğun tüğyan elədiyi bir zamanda xüsusi xidmət orqanı rəhbəri ilə müsahibədə hər hansı siyasi səhvə yol verə biləcəyimdən ehtiyat edib mətni Aydın müəllimə tanış olmaq üçün vermişdim. Onun düzəlişlərindən sonra yazı çap olunmuşdu. Çalışacağam,həmin qəzeti arxivlərdən tapım. Aydın müəllimin Qusarı, qusarlıları necə sevdiyi həmin müsahibədə aydın görünür.
Amma günümüzlə səsləşdiyi üçün həmin müsahibədə bir suala rəhmətliyin verdiyi cavabın üzərində mütləq dayanmalıyam. Qarabağın,gözəl rayonlarımızın erməni işğalçıları tərəfindən daldabal işğal edilməsi yenicə baş vermişdi. Aydın müəllimə belə bir sualım vardı müsahibəmdə: "Xoşbəxtsinizmi? Elə hər mənada. "Cavabsa belə idi: "Dar mənada götürsək, yəni, şəxsi-məişət nöqteyi nəzərindən-xoşbəxtəm. Lakin geniş mənada düşündükdə, yəni-nə qədər ki, Vətənimin torpağının bir hissəsi erməni təcavüzü altındadır,hər gün neçə-neçə igid oğlanlarımız şəhid olurlar, hansı xoşbəxtlikdən danışmaq olar?!" Bəli, hansı xoşbəxtlikdən danışmaq olardı 1993-cü ildə? Tarixi rayonlarımız əldən getmişdi. Erməni vandalları halal torpaqlarımızda haramlıq etməklə, ərazilərimizi viranə, xarabalığa çevirməklə məşğul idilər. İndi isə -2021-ci ilin 28 martında Aydın Rəhimovun arzuladığı xoşbəxtlikdən danışmaq olar! Sual işarəsiz. Nida ilə. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində 2800-ə yaxın şəhidimiz, yüzlərlə qazimiz və dəmir yumruqlu, əksər dünya liderlərinin həsəd apardığı Ali Baş Komandanımızın qətiyyəti Qarabağı bizə qaytardı. İndi Aydın müəllimin ruhu sevincəkdir. Ruhu azad Qarabağ torpaqlarında dolaşır. Təbrik edirəm, Aydın müəllim. Düz 27 ildən sonra mən sizə "Qarabağ azaddır"-deyirəm. Rahat uyu, unudulmaz insan!
Yeri gəlmişkən bildirim ki, Aydın müəllim 1994-cü ilin ikinci yarısında MTN-nin Zaqatala rayon şöbəsinə rəis təyin olunub. Orada cəmi bir neçə ay işləyib, avtomobil qəzasına düşüb. Deyirlər, yoldakı heyvanı vurmamaq üçün avtomobili qoz ağacına çırpıbmış. Həmin vaxt sağ qalsa da Bakıda xəstəxanada keçinib. Ailəsini tanıyırdım. Qubada məni ailəsilə tanış etmişdi. Onun vəfat etdiyini biləndə dərhal Qusardan Bakıya getmişdim, ailə üzvlərinə başsağlığı vermişdim. Aydın müəllimi həmişə hörmətlə xatırlayıram. Türk sözü olan Aydın sözünün mənası təmiz, işıqlı, ləkəsiz deməkdir. Aydın Rəhimov, bax belə, adı kimi təmiz, işıqlı, nurlu bir şəxsiyyət idi.
Bu gün dövlətimizin milli dayağı, qoruyucusu, bel sütunu DTX-nin 102 yaşı tamam olur. 1919-cu il mart ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılan Dövlət Təhlükəsizliyi Xidməti keşməkeşli, çətin, amma uğurlu, şərəfli həyat yolu keçib. Unudulmaz milli liderimiz Heydər Əliyevin 23 mart 1997-ci il tarixli sərəncamı ilə 28 mart çekistlərimizin peşə bayramı günü kimi təsis edilib. Bu gün həqiqətən əlamətdar gündür. DTX-nin rəisi, cənab general-polkovnik Əli Nağıyev başda olmaqla qurumun bütün şəxsi heyətini, əməkdaşlarını təbrik edirəm. Onlara məsuliyyətli, ağır, şərəfli fəaliyyətlərində uğurlar və sağlam ruh arzu edirəm. Qarabağ münaqişəsində şəhid olan, hər hansı təxribatın qarşısını alarkən və bədbəxt hadisələrdə həyatını itirən DTX əməkdaşlarını da bu bayram günündə unutmaq olmaz. Onların və haqqında bəhs etdiyim Aydın Rəhimovun ruhu şad olsun. Bu gün o tam xoşbəxtdir - arzuladığı Qarabağ azaddır indi !!!
Aytəkin Alxaslı, Qusar