Azərbaycanın milli və mənəvi dəyərləri, eləcə də milli mətbəxi, İslamabadda keçirilmiş "Novruz 2021" adlı mərasimdə Pakistan ictimaiyyəti və xarici ölkələrin diplomatlarına təqdim edilib.
Azərbaycan Respublikasının Pakistandakı Səfirliyindən Modern.az-a daxil olan məlumata görə, tədbirə səfirliyin nümayəndələri və Pakistan rəsmilərinin də daxil olub. Bununla da 9 ölkənin Pakistandakı səfirliklərinin təşkilatçılığı ilə “Novruz 2021” adlı mərasim İslamabad şəhərində keçirilib.
Pakistanın birinci xanımı Samina Alvinin ali qonaq qismində təşrif buyurduğu, Pakistanın Xarici işlər katibinin, bu ölkənin ictimai və siyasi xadimlərinin, xarici ölkələrin Pakistandakı səfirlərinin, diplomatların, ictimaiyyətin və media nümayəndələrinin iştirak etdiyi tədbirdə təmsil olunan Azərbaycan Respublikasının Pakistandakı səfirliyi ölkəmizin mədəniyyətini, milli və mənəvi dəyərlərini, habelə mətbəxini təcəssüm etdirən nümunələri təqdim edib. Tədbirdə Azərbaycan həqiqətlərinə dair, Azərbaycanın sosial iqtisadi tərəqqisini, inkişafını özündə əks etdirən müxtəlif əyani materiallar da nümayiş olunub, həmçinin xüsusi mədəni proqram çərçivəsində Yallı rəqsi milli geyimdə olan Səfirlik əməkdaşlarının uşaqları tərəfindən ifa edilərək tamaşaçılara təqdim olunub.