Bu gün bəzi xarici saytlarda BMT-nin baş katibi Pan Gi Munun azərbaycanlı hərbçi Ramil Səfərovla bağlı yaranmış vəziyyətdən narahat olduğunu bəyan etməsinə dair xəbərlər yayılıb. Həmin xəbərlərdə BMT baş katibin rəsmi nümayəndəsi Martin Nesirkiyə istinad edilib.
Nesirkinin adından o da bildirilib ki, BMT rəsmisi Ramil Səfərovun azadlığa buraxılmasının Qarabağla bağlı aparılan sülh danışıqlarına mənfi təsir göstərməyəcəyinə ümidvardır.
Azərbaycanda da bəzi internet portalları həmin xəbərin tərcüməsini dərc ediblər.
O cümlədən də
Modern.az saytı Rusiyanın “RİA Novosti” agentliyinin yaydığı məlumatı Azərbaycan dilində yayımlayıb.
Lakin az sonra məlum olub ki, Pan Gi Munun adından yayılan məlumat həqiqəti əks etdirmir.
BMT-nin Bakı ofisinin İctimai İnformasiya Departamentinin əməkdaşı Nərgiz Qafarova Modern.az saytı ilə əlaqə saxlayaraq bildirib ki, Pan Gi Mu Ramil Səfərovla heç nə deməyib. N.Qafarovanın sözlərinə görə, BMT-nin Baş ofisinidən Bakıdakı İctimai İnformasiya Departamentinə bununla bağlı hər hansı məlumat daxil olmayıb:
”Adətən belə məlumatlar olanda ilk növbədə ölkələr üzrə nümayəndəliklərə göndərilir ki, yerli mediada yayımlansın. Biz yayılan xəbərlə bağlı araşdırma apardıq, məlum oldu ki, “RİA Novosti” məlumatı Ermənistanın “Panorama.am” saytından götürüb. Ona görə də rəsmi şəkildə bildiririk ki, Pan Gi Munun adından yayılan xəbər həqiqəti əks etdirmir”.
İctimai İnformasiya Departamentinin əməkdaşı onu da bildirib ki, belə hadisə bundan öncə də bir dəfə baş veribmiş.
Modern.az