Prezident İlham əliyev İnam İmdad oğlu Kərimovun Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri təyin edilməsi barədə sərəncam imzalayıb. Barədə Prezidentin rəsmi saytı məlumat yayıb.
Modern.az-ın məlumatına görə, İnam Kərimov bu təyinatadək Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın katibi
postunu tutub.
Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılmasında məqsəd dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsi, vətəndaş məmnunluğunun təmin olunmasıdır.
Bunun üçün dövlət orqanları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin həyata keçirilməsini təmin edən “ASAN xidmət” mərkəzləri yaradılır.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi xidmət mərkəzlərinin vahid şəkildə idarə edilməsini, xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsini, nəzarət və qiymətləndirmənin aparılmasını, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsini, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini təmin edən dövlət orqanıdır.
Modern.az