Modern.az

Rezidenturaya qəbul imtahanı başladı

Rezidenturaya qəbul imtahanı başladı

8 Sentyabr 2012, 09:55

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2012/2013-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanı keçirir. 

TQDK-nın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, , birinci mərhələnin imtahanı 08.09.2012-ci ildə, ikinci mərhələnin imtahanı 09.09.2012-ci ildə keçiriləcək.

Namizədlərə baza və ixtisas fənlərinin hər birindən ayrılıqda 100 test tapşırığı təqdim olunacaq.

Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilir, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir. İmtahan suallarının cavablandırılmasına hər bir mərhələ üzrə 2 saat 30 dəqiqə vaxt ayrılır.

Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılır. Müsabiqədə iştirak etmək üçün namizədin baza fənləri üzrə imtahanda topladığı test balı 40-dan, ixtisas fənləri üzrə imtahanda topladığı test balı isə 50-dən az olmamalıdır.

Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi qəbul imtahanının nəticələri elan olunduqdan sonra aparılacaqdır. Namizədlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları seçib təsdiq etməlidirlər.

Qeyd edək ki, rezidenturada qəbul aparılacaq plan yerlərinin sayı 514-dür.

 

A.RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi