Ötən ay Sumqayıt şəhərinin girişindəki abidənin sökülməsi ilə bağlı Sumqayıt şəhər sakinləri arasında ciddi narazılığa səbəb olub. Hətta facebook sosial şəbəkəsində “Sumqayıtın simvolunun sökülməsinə etiraz edirik” adlı səhifə də yaradılıb. Mətbuatda bu simvolun Sumqayıt Şəhər İcra Hakimi Eldar Əzizovun xoşuna gəlmədiyi barədə məlumatlar da gedib. E. Əzizovun sözlərinə görə, bu simvol bugünkü Sumqayıtla ayaqlaşmır. Quraşdırılacaq yeni abidənin layihəsi müsabiqə yolu ilə təyin ediləcək.
Modern.az-a açıqlamasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Seyfəddin Rəhimov bildirib ki, mətbuatda gedən informasiyalar həqiqəti əks etdirmir. Abidə yararsız hala düşdüyündən sökülüb və hazırda keyfiyyətli metal rekonstruksiya ilə yenidən bərpa edilir.
Qeyd edək ki, quruculuğun və sülhün rəmzi olan sözügedən abidə – 15 daş və bir cüt göyərçin qanadı avqustun 7-dən etibarən yenidən quraşdırılır. Abidənin Memarı Süleyman Həbib oğlu Hacıyevdir.
Modern.az artıq bu gün tamamlanmaq üzrə olan abidənin fotolarını təqdim edir.
|
|
|
Elçin Ağayev