Modern.az

Deputatlar payız sessiyasında hansı məsələlərə toxunacaq? – RƏYLƏR

Deputatlar payız sessiyasında hansı məsələlərə toxunacaq? – RƏYLƏR

Parlament

8 Sentyabr 2012, 13:46

 

Oktyabrdan Milli Məclisin payız sessiyası öz işinə başlayacaq. Sentyabrın 15-dən isə komitələrdə iclaslar keçiriləcək. Bəs yaz sessiyasından sonra məzuniyyətə gedən deputatlar hansı məsələləri Milli Məclisin payız sessiyasında qaldıracaq?

Modern.az bu sualla millət vəkillərinə müraciət edib.

Musa Quliyev bildirib ki, sosial sahə ilə bağlı bir neçə məsələ var ki, Milli Məclisin payız sessiyasında onları qaldıracaq. “Bunlardan biri valideyn himayəsindən məhrum olunmuş uşaqların sosial müdafiəsini daha da gücləndirilməsi, konkret olaraq bura ödənişli təhsil müəssisələrinə daxil olarkən təhsil haqlarının dövlət tərəfindən ödənilməsi məsələsi daxildir. Digər tərəfdən, onlar internat evlərindən yaşlarına görə çıxarılandan sonra bilavasitə dövlət qurumları tərəfindən müvafiq yaşayış evləri təmin olunması məsələsini gündəmə gətirəcəyəm. “Xeyriyyəçilik fəaliyyəti haqqında” qanun qəbul olunması məsələsini də qaldıracağam. Daha sonra tütün istehlakçının məhdudlaşdırılması ilə bağlı qanun da qəbul olunmasını Milli Məclisdən xahiş edəcəm”.

Deputat Elmira Axundova bildirib ki, yay məzuniyyəti zamanı Bakıda və ətraf kəndlərdə çox zibilləşmə getdiyini vurğulayıb. “Yayda, adətən, Şüvəlan və Zuqulbada qaldım, heç hara getmədim, ictimai çimərlikdə gəzdim. “New Baku Post” və “1news.az” saytında bu barədə məqalələrimi verdim, çox böyük nigarançılığımı bildirdim ki, yaz sessiyasında müvafiq qanuna düzəlişlər etdik və zibil qutuları olmadığına, zibili vaxtında daşımadığına görə böyük cəzalar tətbiq etdik. Lakin bu qanunların qəbuluna baxmayaraq vəziyyət eynidir. Abşeron kəndlərində tullantılar qalır ya da çox pis daşınır. Bu çox acınacaqlı haldır. Bundan əlavə, biz çox gözəl qanunlar, qanun layihələri, düzəlişlər qəbul edirik, lakin nə dərəcədə bu qanunlar və qanun əlavələri icra olunur. Buna görə payız sessiyasında qanunların icrası mexanizmləri, qanunların icrasına nəzarət mexanizmləri haqqında danışmaq istəyərdim”.

Rövşən Rzayev az yaşlı uşaqlarla bağlı qanun layihəsini parlament səviyyəsinə çıxartmağı düşündüyünü vurğulayıb. “Düşünürəm ki, payız sessiyası zamanı biz onu artıq komitədə müzakirə edəcəyik, sonra da ictimai dinləmələr olacaq. Fikirləşirəm ki, bu qanun layihəsi ilə bağlı artıq kifayət qədər iş görülüb”.

Deputat Musa Qasımlı deyir ki, yay məzuniyyəti dövründə müşahidə etdiyi bir sıra məsələlər var ki, onlar barədə Milli Məclisdə fikir mübadiləsinin aparılması ümumi iş baxımından faydalı olardı. “Bu həm KİV, həm Ermənistanın təcavüzü və davakar separatizmi nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünyaya yayılması, təhsil və elm məsələləri və digər məsələlərlə bağlı fikir mübadiləsi edilməsinə məncə faydalı olardı”.

Aydın Mirzəzadə qeyd edib ki, yay məzuniyyətində ilk növbədə istirahət edib. Buna baxmayaraq, o, seçildiyi dairə ilə də əlaqəsini kəsməyib. “Seçicilərimlə görüşmüşəm, onların zənglərini qəbul etmişəm. Eyni zamanda hər sessiyalar arasında fasilədə gələcək sessiyada qaldırılacaq məsələlərin analizini edirəm. Hazırda məndə bir qrup məsələlər var ki, bununla bağlı qarşıdan gələn sessiyada danışmaq istəyirəm. Bunlardan birincisi seçildiyim Mingəçevir rayonun inkişafı ilə bağlıdır Orada sahibkarlığa dəstək xətti, eyni zamanda dövlət sifarişi ilə yeni müəssisələrin tikilməsinin tərəfdarıyam. Gənc ailələrin mənzillə təminatı məsələsində ipoteka şərtlərinin yumşaldılmasının və ipotekaya daha çox vəsaitin ayrılması təklifini vermək istəyirəm. Büdcə ilə bağlı sahibkarlara verilən vəsaitin artırılmasını və onların faiz dərəcəsinin aşağı salınması diqqətimdə olan məsələdir. Ramil Səfərov məsələsinə öz mövqeyimi yenidən bir daha parlamentdə səsləndirəcəyəm”.

 

Aytən Əliyeva

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım