Modern.az

Erməni QHT-ləri dəstək üçün Azərbaycana müraciət edib

Erməni QHT-ləri dəstək üçün Azərbaycana müraciət edib

10 Sentyabr 2012, 10:04

Azay Quliyev: “Onları dəstəkləməyə hazırıq”

Ermənistanın işğal etdiyi Azərbaycan ərazisi, Dağlıq Qarabağda fəaliyyət göstərən bir neçə Qeyri- Hökumət Təşkilatı maliyyə dəstəyi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına müraciət edə bilər.

Onlar adlarının açıqlanmamasını xahiş ediblər.

Modern.az saytının əldə etdiyi  məlumata görə belə müraciətlər Azərbaycanın təmsil olunduğu beynəlxalq tədbirlərdə də səsləndirilib.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevlə əlaqə saxladıq. Deputat saytımıza bildirdi ki, rəhbərlik etdiyi qurum Dağlıq Qarabağda fəaliyyət göstərən QHT-lərin layihələrinə maliyyə dəstəyi verməyə hazırdı və belə müraciət olarsa onu dəyərləndirə bilərik: “İşğal altındakı ərazilərdə yaşayan ermənilər də Azərbaycan vətəndaşları olduqları üçün onların bu sahədə təşəbbüslərini Şuranın müəyyən etdiyi  müvafiq qaydalar çərçivəsində dəstəkləmək mümkündür. Dağlıq Qarabağda fəaliyyət göstərən QHT-lərin nümayəndələri açıq şəkildə olmasa da, bizə dolayı yollarla öz istəklərini çatdırırlar. Xüsusən, onlar beynəlxalq tədbirlərdə nümayəndələrimizə  yaxınlaşıb Azərbaycan dövlətinə, Şuraya layihə verməyin mümkünlüyü haqqında maraqlanırlar. Cavabımız isə belə olur ki, Azərbaycan konstitusuyasına və  qanunlarına hörmət edən istənilən vətəndaş və ya onların yaratdıqları birliklər dövlətin imkanlarından hərtərəfli şəkildə faydalana bilər.  Lakin işğal altında olan Xankəndindəki hərbi xuntadan və separatçı rejimdən qorxduqları üçün bu cür istəkdə olan erməni QHT-lər bunu gizli saxlamağı xahiş edirlər”.

Şura sədrinin sözlərinə görə Dağlıq Qarabağdakı erməni QHT-lərinin sosial, ekologiya, tarixi abidələrin qorunması yönümündə olan layihələri dəstəklənə bilər: “Məlumdur ki, işğal altında olan ərazilərimizdə ekoloji vəziyyət çox ağırdır. Törədilən yanğınlar nəticəsində bölgənin flora və faunasına məqsədyönlü şəkildə ciddi ziyan vurulub. Yaxud tarixi abidələrimiz dağıdılıb və ya mahiyyəti dəyişdirilib. Bu mövzularda vəziyyəti araşdırmaq, monitorinq aparmaq istəyən yerli QHT-lərə dəstək verilə bilər”.

A.Quliyev deyir ki, burda əsas məsələ belə düşüncədə olan QHT-lərin özündə iradə taparaq ortaya çıxmasıdır: “Hətta biz elan etdiyimiz müsabiqə şərtlərini  mövcud reallıqları nəzərə alaraq Dağlıq Qarabağdan olan QHT-lər üçün sadələşdirə və ya onlar üçün  xüsusi rejimdə sənədlərin qəbulunu təşkil edə bilərik. Bir sözlə, belə müraciətlər rəsmi şəkildə daxil olarsa buna ciddi reaksiya veriləcək”.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu