Azərbaycan Respublikasının Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) bildirib ki, Ermənistan İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana qarşı "İskəndər" raketlərindən istifadə edib.
Modern.az xəbər verir ki, Caliber.az saytına müsahibəsində adı açıqlanmayan ANAMA rəsmisi bildirib ki, onlar bu raketlərin qalıqlarına Şuşada ərazinin minalardan təmizlənməsi zamanı rast gəliblər:
"2021-ci il martın 15-də qurumun əməkdaşları tərəfindən aparılmış təmizləmə əməliyyatı zamanı şəhərdə iki partlamış raketin qalıqları aşkar edilib. Raket qalıqlarının coğrafi koordinatları aşağıdakı kimidir: 39°45'38.10"N 46°44'33.90"E və 39°45'27.80"N 46°45'25.80"E.
Agentliyin mütəxəssisləri tərəfindən raketin identifikasiya nömrəsinin (9M723) yoxlanılması zamanı qalıqların "İskəndər" raket sisteminə aid olduğu müəyyən edilib".
ANAMA əməkdaşı, həmçinin vurğulayıb ki, hətta açıq internet mənbələrində axtarış apararkən 9M723 identifikasiya nömrəsinin "İskəndər" raketinə aid olduğunu müəyyən etmək olar.
"Bu isə İkinci Qarabağ Müharibəsi dövründə, o cümlədən də Şuşa şəhərini dağıtmaq üçün Ermənistanın Azərbaycana qarşı "İskəndər" raketlərindən istifadə etdiyini təsdiqləyir," - ANAMA nümayəndəsi bildirib.
İlk dəfə Qarabağ müharibəsi zamanı "İskəndər" kompleksinin istifadə olunması barədə Ermənistan Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi Movses Hakobyan danışıb.
O, ötən ilin noyabrında jurnalistlərlə görüşü zaman müharibənin son günləri "İskəndər" lərdən istifadə edildiyini bildirmişdi. Sabiq prezident Sarkisyan isə son müsahibəsində raketlərin Şuşaya yönəldildiyini demişdi.
Rusiya Müdafiə Nazirliyi "İsgəndər"in atıldığı, amma partlamadığı ilə bağlı baş nazir Nikol Paşinyanın açıqlamasına reaksiya verərək bildirmişdi ki, Qarabağ müharibəsində "İskander" ballistik raketlərindən istifadə edilməyib.
Ermənistan baş naziri Nikol Paşinyan ilk dəfə bu ilin fevralında bu barədə danışıb və Azərbaycana "İsgəndər" raketinin atıldığını etiraf etsə də, onun tam olaraq partlamadığını blidirmişdi.