Modern.az

Azərbaycanda kolbasa və sosiska yeyənlərə xəbərdarlıq edildi

Azərbaycanda kolbasa və sosiska yeyənlərə xəbərdarlıq edildi

10 Sentyabr 2012, 15:12

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsi ünvanında fəaliyyət göstərən “Azərdad” MMC-də “Dadlı” nişanlı kolbasa və sosiska məmulatlarının istehsalına dövlət nəzarəti aparıb. Komitədən Modern.az-a verilən məlumata görə, araşdırma zamanı müəssisənin sanitar vəziyyətinin standartlara cavab vermədiyi müəyyən olunub. Baxış zamanı xammalların saxlanma anbarı, istehsal sahəsi, hazır məhsulların saxlanma soyuducusu, müxtəlif ədviyyatların saxlandığı anbar sanitariya normalarına cavab vermədiyi məlum olub. Bundan başqa müəssisədə istehsal olunan məhsulların mövcud resepturaya əməl olunmadan hazırlandığı üzə çıxıb. Belə ki, kolbasa və sosiska istehsalında resepturada göstərilməyən müxtəlif konservantlardan, Çin istehsalı olan sodium benzonatdan, boyaq maddələrindən, stablizatorlardan, kraxmaldan, ət kütləsini artıqmaq məqsədilə soyadan, toyuq dərisindən və s. istifadə olunur. Məhsulların markalanması normativ sənədlərin tələbinə cavab vermir. Belə ki, etiketlərdə məhsul istehsalında kərə yağından istifadə olunduğu qeyd olunsa da faktiki kərə yağında istifadə olunmur. Araşdırma zamanı müəssisənin anbarında yararlılıq müddəti bitmiş 1/1000 qr olan 110 ədəd duz və 1/25 kq olan Çin istehsalı olan sodium benzonat aşkar edilərək aktlaşdırılıb. Həmçinin yoxlanılan yarım hisə verilmiş “Poltovskaya” və bişmiş hisə verilmiş “Servelat Halal” kolbasalarının təhülkəsizlik göstəricilərinin yoxlanmasını təsdiq edən gigiyenik və AZS Milli sertifikatlaşdırma sisteminin qaydalarına əsasən verilən uyğunluq sertifikatları olmadan istehsal olunduğu müəyyən olunub. Aşkar olunmuş bu və digər nöqsanlara görə “Azərdad” MMC-də kolbasa və sosiska məmulatlarının istehsalı və satışı qadağan edilib.

Gültəkin Ələsgər

   
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi