Azərbaycanda 107 ilk peşə-ixtisas təhsil müəssisəsi fəaliyyət göstərir. Bu haqda Modern-a Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, həmin müəssisələrdə 28587 şagird təhsil alır, 4062 nəfər rəhbər və mühəndis-pedaqoji işçi, 1453 istehsalat təlimi ustası fəaliyyət göstərir.
Həmçinin qeyd olunub ki, “Texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)” və “Bakı şəhər kənd və qəsəbələrinin inkişafı üzrə Dövlət Proqramı” çərçivəsində ümumilikdə 12 ilk peşə-ixtisas təhsili müəssisəsi əsaslı təmir edilib, 2 yeni təhsil müəssisəsi tikilib istifadəyə verilib. Son 3 ildə 30 nəfər mühəndis-pedaqoji işçi Türkiyədə təcrübə keçib.
Avropa Komissiyası ilə birlikdə, Almaniya hökumətinin əsas tərəfdaş ölkə kimi seçildiyi “Kənd təsərrüfatı sahəsində ilkin peşə təhsilinin inkişafı” layihəsinə başlanılıb.
Qeyd edək ki, 2 illik layihənin büdcəsi 1,2 milyon avro təşkil edir.
A.RÜSTƏMOV