Oktyabrdan Milli Məclisin payız sessiyası öz işinə başlayacaq. Sentyabrın 15-dən isə komitələrdə iclaslar keçiriləcək. Bəs yaz sessiyasından sonra məzuniyyətə gedən deputatlar hansı məsələləri Milli Məclisin payız sessiyasında qaldıracaq?
Modern.az bu sualla millət vəkillərinə müraciət edib.
Asim Mollazadə Milli Məclisin payız sessiyasında çox mühüm olan ali təhsil, ümumtəhsil, peşə təhsili barədə qanunları qaldırmaq və artıq ölkədə sığorta təbabətini tətbiq etməklə bağlı müvafiq qanunvericiliyi bir də nəzərdən keçirmək lazım olduğunu qeyd edib. “Çox mühüm olan səhiyyə sahəsində sığorta ilə bağlı olan məsələləri nəzərdən keçirərək qanunvericilik bazasını gücləndirməyə böyük ehtiyac var. İran viza rejimini ləğv edəndə minlərlə vətəndaşımızın ora müalicə üçün getməsini və böyük növbələri gördük. Bu onu göstərir ki, ölkənin səhiyyə sistemində ciddi islahatlara ehtiyacı var”.
Vahid Əhmədov bildirib ki, payız sessiyasında əsasən büdcə ilə bağlı müzakirələr olacağına görə orada ipoteka krediti məsələsinə baxacaqlar. “Daha sonra tələbələrin oxuması üçün təhsil krediti haqqında qanun layihəsi vermişik, onun müzakirəsinə çalışacağıq ki, nail olaq. O cümlədən digər bir sıra qanunlara əlavə və dəyişiklər müzakirə olunacaq”.
Yay məzuniyyəti dövründə işləyən, istirahət etməyən deputat Məlahət İbrahimqızı müxtəlif işlər görməklə yanaşı bir millət vəkili kimin parlamentin payız sessiyasına da hazırlaşıb. O qeyd edib ki, sosial siyasətlə bağlı bəzi məsələləri payız sessiyasında qaldıracaq. “Ilk növbədə uzun müddətdir gündəmdə olan ana sağlamlığı ilə bağlı məsələni bir daha gündəmə gətirəcəyəm. Çünki bu gün dünyada ana sağlamlığı bir nömrəli problemdir. Tibbi sığorta ilə bağlı öz fikirlərimi deyəcəyəm. Uzun müddətdir ki, tibbi sığorta ilə bağlı qanun qəbul olunub, agentlik yaradılıb, dövlətimiz tərəfindən hər il ona büdcə ayrılıb, amma bu günə qədər də əhalinin tibbi sığortası həll olunmamış vəziyyətdə qalır. Universitetlərdə təhsil alan tələbələrin təhsil haqqının azadılması ilə bağlı öz təkliflərimi qaldıracağam. Ona görə ki bu gün Azərbaycanda həqiqətən təhsil haqqı çox bahadır. Bu təkcə dövlət universitetlərinə deyil, eyni zamanda özəl universitetlərə də aiddir”.
Azay Quliyev yay məzuniyyəti dövründə ona bir neçə müraciət olunduğunu vurğulayıb.
“Xüsusilə “AZAL”ın əməkdaşları şikayət etdilər ki, onların pensiyası düzgün və ədalətli hesablanmır. Məsələ burasındadır ki, onlara bu gün əvvəlki qaydalardan fərqli olaraq az pensiya verilir və onların uçuş müddəti uzadılıb. Hal-hazırda o məsələnin araşdırılması ilə məşğulam və hesab edirəm ki, əgər burada problem varsa, qaldırılacaq məsələlərdən biri bu olacaq”.
Fəzail İbrahimli: “Siz elə bilirsiniz ki, biz deputatlar ancaq yay məzuniyyətində gəzirik-baxırıq. Bizim ilboyu fəaliyyət proqramımız var, seçicilərlə görüşürük. Təmsil olunduğumuz regionun problemləri ilə bağlı bir düşüncə sahibi kimi bu məsələlərin gündəmdə olmasına çalışırıq. Xüsusi məni təəccübləndirən, birdən mənə rast gələn, “necə oldu ki, buna fikir verməmişəm” prinsipi ilə danışa bilmərəm. Çünki hər şeyi hər zaman görürəm. Və indi gündəlik həyatımıza daxil olan məsələlər var, xüsusən ən çox gündəmdə duran məsələlərdən biri seçildiyim dairələrdə olan problemlərin gündəmə gəlməsinə çalışacağam. Payız sessiyasının proqramı verilməyib. Bəlkə bizim qaldırmaq istədiyimiz məsələlər orada öz əksini tapıb. əgər tapmayıbsa, təbii ki, çalışacağıq onları təklif kimi irəli sürək. Artıq nə dərəcədə məqbul olunub olunacağı Milli Məclisin və komitənin səlahiyyətidir”.
Aytən Əliyeva