Ameria Birləşmiş Ştatlarının Azərbaycana təyin olunmuş yeni səfiri Riçard Morninqstar ABŞ səfirliyinin iqamətgahında bir qrup media nümayəndəsilə tanışlıq xarakterli tədbir keçirib. Modern.az xəbər verir ki, səfir təyin olunması ilə bağlı verilən qərarı böyük məmnunluq hissi ilə qarşıladığını deyən R.Morninqstar qeyd edib ki, o, Azərbaycana səfir kimi yeni gəlsə də, ölkəmizə bələddir.
“Mənim dəfələrlə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, eləcə də xarici işlər naziri Elmar Məmmədyarovla görüşlərim olub. Dövlət Departamentində çalışdığım zaman Azərbaycana 20-dək səfərim olub”.
Riçard Morninqstar bildirib ki, Azərbaycanda olduğu vaxt ABŞ- Azərbaycan əlaqələrinin inkişafına öz töhfəsini vermək niyyətindədir.
Daha sonra jurnalistlərin suallarını cavablandıran R. Morninqstar Ramil Səfərovla bağlı bildirib ki, ABŞ Dövlət Departamenti və Ağ Evin marağını bölüşür. Qeyd edib ki, R.Səfərovun azadlığa buraxılması Azərbaycanda və eləcə də regionda münaqişənin həlli üçün gərginlik yaradacaq.
Daha sonra insan haqqları ilə bağlı suala cavab verən Riçard Morninqstar vurğulayıb ki, enerji sahəsində ixtisaslaşmış şəxs kimi tanınsa da, bu o demək deyil ki, insan haqlarına önəm verməyəcək.
“Azərbaycanda insan haqları və demokratiya sahəsində bütün problemlərin həlli ilə bağlı öz missiyamı davam etdirəcəm. Dövlət Departamentində təkcə enerji sahəsində çalışmamışam, başqa proqramların da iştirakçısı olmuşam. Bu proqramların əksəriyyəti isə siyasi xarakterli olub”.
Sevinc İltifatqızı