Bir müddət öncə azadlığa çıxmış keçmiş vicdan məhbusları növbəti dəfə bir araya gələrək müzakirələr aparıblar. Müzakirələr nəticəsində onlar yeni təşkilatın adının “Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansı adlandırılmasını qərara alıblar.
Toplantıda təşkilatın yaradılması haqqında bəyannamə qəbul olunub. Bəyannamədə təşkilatın yaradılması zərurəti, məqsədi, qarşıya qoyduğu məqsədlərə dair fikirlər yer alıb. Müzakirələr zamanı yeni təşkilatın yaxın dövrlərdə görəcəyi işlərlə bağlı İş Planı təsdiq olunub. Toplantıda qərara alınıb ki, hər bir vicdan məhbusu həbsdə saxlanıldığı İstintaq Təcridxanasında və cəzaçəkmə müəssisəsində hazırkı vəziyyətlə bağlı ümumi məlumatlar hazırlasın və bu məlumatlar ümumiləşdirilərək yekun hesabat halına salınsın və təşkilatın ilk Hesabatı kimi aidiyyatı yerli və beynəlxalq təşkilatlara təqdim olunsun. Toplantıda həmçinin qərara alınıb ki, hazırda qanunsuz həbsdə olan hər bir məhbus barədə geniş Məlumat Bankı yaradılsın. Eyni zamanda qərara alınıb ki, təşkilatın loqosu ilə yanaşı qanunsuz həbsdə olan siyasi məhbusların şəkillərindən ibarət baner hazırlansın. Toplantıda Avropa Şurası Parlament Assambleyasının siyasi məhbuslar üzrə xüsusi məruzəçisi Kristofer Ştrasserə məktub göndərilməsi, həmçinin qanunsuz həbsdə olan, yaxın günlərdə məhkəməsi keçiriləcək vicdan məhbusları Taleh Xasməmmədovun, Əvəz Zeynallının, İlham Əmiraslanovun, İlqar Rzayevin və digərlərinin məhkəmə prosesində təşkilatın nümayəndələrinin iştirak etməsi və məhkəmə proseslərini diqqətdə saxlamaq barədə də qərar qəbul olunub. Xatırladaq ki, “Siyasi məhbuslarsız Azərbaycan” İctimai Alyansının yaradılması təşəbbüsü bir neçə ay öncə azadlığa çıxmış vicdan məhbusları Arif Hacılı, Sahib Kərimov, Oqtay Gülalıyev, Tural Abbaslı, Zülfüqar Eyvazlı, Elşən Həsənov, Əhəd Məmmədli, Rüfət Hacıbəyli, Məhəmməd Məcidli, Elnur Məcidli, Babək Həsənov və digərləri tərəfindən irəli sürülüb. Təşkilat qarşısına aşağıdakı məqsədlərin reallaşdırılmasını qoyub; İctimai, siyasi, dini, jurnalist, hüquq müdafiə və s.fəaliyyətinə görə təqib və təzyiqlərə məruz qalan, qanunsuz şəkildə həbs olunan şəxslərin hüquqlarını müdafiə etmək; Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının müdafiə olunması, onların saxlanma şəraitinin yaxşılaşdırılması və həbsdən sonrakı müddətdə reabiltasiya problemlərinin həllinə çalışmaq, bu istiqamətdə mövcud qanunvericiliyin təkmilləşdirilməsi; Vəkillik İnstitutunun fəaliyyətinin gücləndirilməsinə nail olmaq və s.