Modern.az

On il davam edən DAVA

On il davam edən DAVA

Aktual

3 Aprel 2021, 01:44

(“Gənclik hekayələri” silsiləsindən)

Mən ildə bir dəfə, yay tətilində Bakıdan Qaxa gedirdim. Türklər demiş, kəndimə gəlirdim. Hardasa 5-də, 6-da oxuyurduq, hər gün dağ çayında çimir, farel tuturduq. Mən şəhər uşağı olsam da, dağ çayında balıq tuta bilirdim, kiçik əmim Rəhimdən öyrənmişdim. Suyu qaytarırdıq, çayın axarını boşaldırdıq. Daşların arasından xallı balıqları əllə dartıb çıxarırdıq, ilan-çiyana baxmırdıq. Xam olsam da, gün ərzində 3-4 balıq çıxarırdım. Yuxarı məhlədən Əmrullah dərhal gəlib başımızın üstünü kəsdirirdi, hərədən 1-2 balıq istəyirdi...


Əmrullah mənimlə tay-tuş idi, kənddə lotuluq edirdi, amma mənə gələndə ilişirdi. Mən balıq vermirdim, tutaşırdıq. Zorla almaq istəyirdi, dalaşırdıq. Əgər xoşluqla istəsəydi, xahiş etsəydi, Vallah, hamısını verərdim. Amma bunun bir damcı siyasəti yox idi, rus reketi kimi zorla almaq istəyirdi. Mən də bir az çətin adamam, xoşluqla vermədiyimi zorla vermərəm, ölsəm də də vermərəm... Kişi kimi demək lazımdır ki, davada ağzım-burnum qanayırdı, amma mən bir addım da geri çəkilmirdim. Arada bir-ikisi də rəqibimə dəyirdi, qanı qanla yuyurduq...


Mən artıq 8-i bitirmişdim, yay tətilinə gəlmişdim. Kənddə toy gedirdi, aşağı məhlənin qızı yuxarı məhləyə gəlin gedirdi. Aşağı məhlədə lotu mən idim, yuxarı məhlədə Əmrullah. Biz əvvəlcədən gəlin qapısının arxasını kəsmişdik, şirinlik almaq istəyirdik. Arxı tullanmamış “hop” deyirdik, artıq ürəyimizdə şirinliyi xərcləmişdik. Bütün yazılmış və yazılmamış qanunlara görə, şirinlik bizə - aşağı məhləyə düşməli idi. Amma qanuna baxan kimdi, Əmrullah qabağa çıxdı, yanımdakı uşaqlar qaçıb dağılışdı. Mən tək qaldım, amma qaçmadım. Tutaşdıq, xeyli süpürləşdik, güc qalib gəldi, şirinlik əldən getdi. Arada mənim ağzım-burnum qanadı...


1980-lərin əvvəlləri idi, Qanlı Yanvara neçə illər qalırdı. Artıq Universiteti qurtarırdım, orduda zabit kimi xidmət etməyə hazırlaşırdım. Kənddə mənim biboğlumun toyu idi, atam dəvətliydi. Arif müəllimin yerinə mən getmişdim, əziz bibimin xeyir işində iştirak edirdim. Bibimgil yuxarı məhlədə yaşayırdı, toy artıq başlamışdı. Məni sevinclə qarşıladılar, boynuma qırmızı kəlağay bağladılar. Soldaş oldum, gəlinin cehizini qarşıladım. Kuzalı maşında cehizin üstündə Əmrullah gəlmişdi, qızın qohumlarından idi. Cehizi boşaltmağa 50 manat şirinlik istədi, mən 30 təklif etdim, sözümüz yenə çəpləşdi. Deyəsən, kefi yuxarı idi, ağzına gələni dedi, mən də cavabını verdim. Amma davanı sonraya saxladıq, cavanlarla cehizi boşaltdıq.


Əmrullahla kənddən çaya tərəf bir xeyli usaqlaşdıq. Axşam artıq qaralırdı. Mən dediyim kimi, şəhər uşağı idim, küçə davalarında bişmişdim. Amma çəki kateqoriyası öz sözünü deyirdi... Yeri gəlmişkən, mən ortaboylu adamam, 1.70-dən bir az yuxarı olaram. Əmrullah boylu-buxunlu adamdı, hardasa 1.80 olardı. Bir sözlə, qələbə mənim deyildi, biclik lazım idi. Çaya düşən yolda mən yuxarı tərəfdə durdum, rəqibimi aşağıda buraxdım. Avar kimi uzun qolunu fırlatmağa, yumruq atmağa imkan vermədim, kəllə ilə çənəsindən vurub aşırdım. Rəqibim qaratikan çəpərinin üstünə yıxıldı, mən üstdə, daha əlverişli vəziyyətdə qaldım. Qaratikan kolları onu çaşdırdı, amma dərhal özünü ələ aldı, sol əlini ağzıma soxdu, sağ əli ilə “aşağılar”dan yapışdı. Bir an da keçsə, məni qaldırıb aşağı, dərəyə tullayacaqdı...


Mən həmin anın keçməyinə imkan vermədim, ağzıma soxduğu barmaqlarını sümüyə kimi dişlədim. Rəqibim yaralı heyvan kimi bağırdı, əlləri boşaldı. Mən vurmağa başladım... Dayanmırdım, 10 ilin heyfini alırdım... Bağırtıya yuxarı məhlədən cavanlar gəldi, hamısı bunun qohumları idi. Arada mənə bir-ikisi dəydi, amma qaranlıqdan istifadə edib aşağı tullandım, dərələrlə toy evinə yollandım. Toy evində artıq hadisəni bilirdilər. Mən tez aşağıda əl-üzümü yudum, bibqızların təkidi ilə yuxarı qonaq otağına qalxdım. Elə bu zaman toy həyətində tüfəng atıldı...


Əmrullahın xalası oğlanları idi, məni axtarırdılar. İndi dəqiq yadımdan çıxıb, 3-4 cavandı. Əlində tüfəng olan bizimlə tay-tuş olardı, adı səhv etmirəmsə, Behmandı. Aşağıda, evin eyvanının altında dayanmışdı. Deyəsən içkili idi, ağzına gələni deyirdi. Ana söyüşü söyəndə dözmədim, eyvana çıxıb onun üstünə tullandım. Hərif yıxıldı, tüfəngi əlindən çıxdı, ağız-burnunun qanı bir-birinə qarışdı. Bizimkilər məni zorla araladılar, Behmanı yerdən qaldırdılar. Daha üstümə gəlmirdi, amma ağzını dağıtmaqda davam edirdi. Tüfəngi kəndin sahə müvəkkili götürmüşdü, amma davaya müdaxilə etmirdi. Mən artıq özümə gəlmişdim, toya dava saldığıma görə xəcalət çəkirdim.


Qaxa gedən QAZ-66 (dağ kəndlərinə işləyirdi) səhər saat 8-də çıxırdı. 15-20 dəqiqə əvvəl evdən çıxdım, təzəbəyi məni ötürməyə qoymadım. Yuxarı məhlə idi, Əmrullah xaloğlanları ilə yolu kəsmişdi. Mən yerdən bir-iki daş götürdüm, düz onların üstünə getdim. Özlərini itirdilər, geri çəkildilər. Əmrullahın üz-gözü dağılmışdı, anası görsə tanımazdı. Dərhal üstümə atıldı, avar kimi uzun qolunu fırlatdı. Mən hazır idim, cəld geri sıçraya bildim. Xaloğlanlar mənu mühasirəyə aldılar. Bu zaman qatı bir ana söyüşü, ardınca da adamın bağrını yaran bağırtı eşidildi. Rəqiblərim qorxdular, qaçıb dağılışdılar. Kiçik əmim Rəhimdi, aşağı məhlədən əlində lomla qaça-qaça gəlmişdi. Nəfəsini dərmədən soruşdu “udar səni tutdumu?!”, sonra cavab gözləmədən əlavə etdi ki, “dünən “piyan” olmuşam, bilməmişəm, səhər eşitmişəm”...


Mən kövrəlmişdim, göz yaşlarımı saxlaya bilmirdim...


Qalib ARİF

 

Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular