Azərbaycanda ruhanilərə mürəciət olunan əsas “mövzulardan” biri də “Quran açdırmaq”dır. Xüsusən də rayonlarda camaat arasında bu əməl daha geniş yayılıb. Dini bilgiləri az olan insanlar savadsız, bəzən də din adından istifadə edən adamlar “Quran açmaq” adı ilə öncəgörmə, fal, bir sözlə əslində Quran və İslam məntiqinə görə qəti şəkildə qadağan olunan, böyük günah hesab olunan əməlləri yerinə yetirirlər.
Xüsusi qeyd olunmalıdır ki, son illərdə bəzi bölgələrdə xəstəliklərin çarəsi, bəxt açılması, ruzinin artması və hətta itən əşyanın tapılması üçün “Quran açdırmağa” gedən insanların, eləcə də bu işi yerinə yetirməyə hazır olan “din adamlarının” sayı artıb. Ən pisi də odur ki, insanlar bu əməlin İslama aid olduğuna inanırlar (və ya onları buna inandırılar). Bəs əslində necə olmalıdır? Ümumiyyətlə Qurana baxmaq, ona əsasən hansısa bilinməyən bir məsələ ilə bağlı hökm vermək, Quran vasitəsilə hansısa gizli olan bir işi aşkarlamaq olarmı?
Qeyd edək ki, bəşər yarandığı ilk dövrlərdən insanlar arasında cadu, sehr kimi işlərə meyl olub. Sonrakı dövrdə bu iş bir elmə çevrilib. “Qara magiya” artıq qədim dövrdə elmə çevrilmişdi. Qədim Misirdə, Romada və eləcə də digər xalqlar arasında cadugərlik bir elm kimi çox inkişaf etmişdi. Quran-Kərimdə bir sıra ayələrində həzrət Musa ilə əlaqəli məşhur sehrbazlara qarşı mübarizəsi əhvalatı geniş yer verilib. Quran surələrində qeyd olunur ki, Allah-Təala həzrət Musanı xalq arasında nüfuzdan salmaq üçün Fironun cəlb etdiyi sehrbazlar qarşısında müdafiə edir. “Sağ əlindəki əsanı yerə tulla, onların düzüb qoşduqlarını (bütün kəndirləri və dəyənəkləri bir anda) udsun. Onların düzəltdikləri sehrbaz hiyləsindən (əfsundan) başqa bir şey deyildir. Sehrbaz isə, hara gedirsə getsin, mətləbinə çatmaz!” (“Taha” surəsi, 69).
Bu zaman sehrbazlar əllərindəki ipləri yerə ataraq onları ilana çevrilər (klassik illüzionizm), ancaq Allahın yardımı ilə Musa onların sehrləri qarşısında daha güclü çıxır.
“Musa onlara dedi: “Nə atacaqsınız, atın!” Onlar iplərini və əsalarını yerə atıb: “Fironun şan-şövkətinə and olsun ki, biz üstün gələcəyik!” - dedilər”. “Bundan sonra Musa da əsasını yerə atdı. Əsa dərhal onların hoqqabazlıqla düzəltdiyi şeyləri uddu. Sehrbazlar səcdəyə qapandılar. Və dedilər: “Biz iman gətirdik aləmlərin Rəbbinə!” (“Şuəra” surəsi, 43-47-ci ayələr).
Bu özü göstərir ki, qədim Misirdə sehrbazlıq, cadu özü xüsusi bir sahə olub. Eyni zamanda Quran ayələri ilahi qüvvənin daha üstün, bütün qara magiyalara üstün gəlmək qüdrətinə sahib olduğunu sübut edir. Ancaq İslamiyyət bütövlükdə cadugərliyi inkar da etmir. Məsələn, təfsirçilərin ortaq rəyinə əsasən Quran-Kərimin sonuncu – 113-114-cü surələri “əl-Fələq” və “ən-Nas” məhz İslam Peyğəmbəri həzrət Məhəmmədə (s.ə.s) cadu edildiyi zaman endirilib və bu surələrin caduya qarşı xüsusi təsir gücü var.
Bütövlükdə isə İslam dini sehr, cadu, fal kimi işləri birmənalı şəkildə qadağan (haram) edir. Bu işlə məşğul olanlar isə dindən çıxmış, şeytan xidmətçiləri hesab olunur. Quran Kərimin bir sıra surələrində fal oxları və digər cadugərlik əməlləri kəskin şəkildə pislənir. “Maidə” surəsinin 3 və 5-ci ayələrində fal oxları ilə bağlı ayələrin də cadugərliyə qarşı olduğu güman olunur. Ancaq o zaman sual yaranır, müsəlman ölkə bütövlükdə bütün insanların bu şəkildə açıq olaraq qadağan olunan cadugərlik kimi bir əmələ dini don geyindirilməsi ilə nə əlaqəsi ola bilər?
Məsələ ondadır ki, İslamiyyətdə qəbul olunan “İstixarə” məhz bir çox hallarda Quran vasitəsilə qeybdən xəbər vermək kimi yanlış mənada yozulur. Halbuki bunlar tamamilə ayrı bir anlayışlardır. Əvvəlcə ondan başlayaq ki, Quranda istixarə adı keçmir. Ancaq bununla yanaşı Peyğəmbər (s.ə.s) hədislərində bu termin keçir və onun həyata keçirilməsi ilə bağlı geniş məlumatlar var. Bəs istixarə nə deməkdir? İstixarənin lüğəti мənası (ərəbcəsi) Allahdan xeyir istəməkdir. Yəni müsəlman istixarə vasitəsilə Allahdan xeyir istəyir, başqa mənada isə planlaşdırdığı bir işlə əlaqədar olaraq Allahın kitabı ilə məsləhətləşir. Eyni zamanda şəriət alimləri istixarənin bir neçə şərtini yazırlar. Məsələn barəsində şəriətin dəqiq göstərişi olan məsələ haqqında istixarə edilməməlidir. Yəni bir məsələ barədə Quranda, sünnədə dəqiq hökm varsa və ya müctəhidlər qəti fətva veriblərsə, həmin hökmə və fətvaya əməl etmək lazımdır.
İstixarə halal iş üçün edilməlidir, haram iş üçün istixarə olunmamalıdır. Bundan başqa istixarəni müəyyən dini savadı olan, təqvalı insan yerinə yetirməlidir. Sıradan insanların bunu dəqiq yerinə yetirməsi mümkün deyil. Eyni məsələ haqqında bir neçə dəfə istixarə etmək düzgün deyil. İstixarədə alınan cavaba qane olmaq və onunla razılaşmaq lazımdır. Din alimlərinin rəyinə əsasən İstixarə yalnız normal ağlın qərar verə bilmədiyi, tərəddüdə olduğu hallarda edilməlidir. 6-cı şiə imamı Cəfər Sadiqdən (ə) nəql edilən bir hədisdə deyilir ki, “Quranla fala baxmayın. (Kuleyni, “Üsuli-kafi”, c. 2, səh. 629.) ancaq bu hədisi şərh edən başqa bir İslam alimi Əlammə Məclisi yazır ki, bu hədisdə məqsəd istixarə deyil, gələcəkdən xəbər verib fala baxmaq nəzərdə tutulur. (Əllamə Məclisi, “Məfatih əl-Ğeyb”, səh. 42-43)
Çünki istixarənin mənası Allahdan xeyr istəməkdir. Yəni insan gördüyü işlə bağlı müxtəlif məşvərətləşmələrdən sonra yenə də qərara gələ bilmədiyindən istixarə edir. İslam Peyğəmbəri həzrət Məhəmməddən (s.ə.s.) nəql edilən bir hədisdə bildirilir: “Quranla istixarə etdikdə 3 dəfə tövhid surəsini oxu və 3 dəfə Məhəmməd və Ali Məhəmmədə salavat göndər və sonra bu duanı oxu: “Allahım, sənin kitabından məlumat istəyirəm, Sənə təvəkkül edirəm və kitabın vasitəsilə mənə gizli olanlardan xəbər verir. Bu duanı oxuduqdan sonra Quranı aç, sağ tərədə birinci cümlədən məqsədini əldə et”. (Əllamə Məclisi, “Bihar əl-ənvar”, c. 91, səh. 241.)
Yəsə ibn Abdullah Qumi İmam sadiqdən (ə) soruşur: “Bəzən bir iş görmək istədikdə tərdid edirəm ki, bu işi görüm yoxsa yox. İmam cavabında buyurur: “Namaz vaxtı, adətən, bu vaxtda şeytan adamdan digər vaxtlarla müqayisədə uzaq olur – Quranı aç, sağ tərəfdə səhifənin əvvəlində gördüklərinə əməl et”. (Əllamə Məclisi, “Məfatih əl-Ğeyb”, səh. 42-43.)
Quranla istixarə edərkən 3 dəfə “İxlas” surəsi oxuyub, üç dəfə Peyğəmbərə və ailəsinə salavat söylədikdən sonra deyilir: “Əstəxirüllahə birəhmətihi xiyərətən fi afiyəh” (“Salamatçılıq içində Allahın mərhəməti ilə Ondan xeyir istəyirəm”). Daha sonra Qurani-Kərimi açıb, sağ tərəfdəki səhifənin ilk ayəsini oxumaq və hansı məna daşıdığını müəyyən etmək lazımdır. Əgər insan ayənin müsbət yoxsa mənfi məna ifadə etdiyini anlamağa çətinlik çəkirsə, bunun üçün nəzərdə tutulmuş xüsusi istixarə kitablarına müraciət etməlidir. Həmin kitablarda Quranın hansı səhifəsini açarkən hansı nəticə çıxdığı barədə məlumat verilir. Hətta bəzi Quran nüsxələrinin sağ tərəfdəki (tək saylı) səhifələrinin hər birində istixarənin nəticəsi qeyd edilir.
Eyni zamanda dini mənbələrdə “təsbühlə istixarə”, “istixarə namazı” ilə bağlı məlumatlar var. İstixarə namazı 2 rükətdir. İstixarəyə niyyət edilən Namaz bitdikdən sonra istixarə duası oxunar. Gecə dəstamazlı olaraq, üzü qibləyə tərəf yatılır. Yuxuda ağ və ya yaşıl görülürsə xeyirlidir. Qara və ya qırmızı görülərsə bu işin xeyirli olmayacağına bir işarədir. İstixarə gərək olduğunda 3 və 7 dəfə təkrarlana bilər.
Göründüyü kimi, istixarə heç bir halda öncəgörmə sayıla bilməz. Ancaq təəssüf ki, bir çox başqa İslami qaydalar kimi istixarə də yanlış şəkildə yozulur. Dini özlərinə alət edən qruplar isə bundan faydalanaraq məlumatsız insanları aldadır.
Hüseyn