Londonda keçirilən XIV Paralimpiya oyunlarında ölkəmizi uğurla təmsil edən idmançılarımız bu gün vətənə dönüblər. Heydər Əliiyev adına Hava Limanında idmançıları qarşılayan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov bildirib ki, paralimpiyaçılarımız artıq dünyaya öz sözünü deməyi bacardı.
“Hamını təbrik edirəm. Bizim idmançılarımız London Paralimpiya oyunlarında Azərbaycanı çox yüksək səviyyədə təmsil ediblər. Azərbaycan idmançıları gücü, qüdrətini göstərdilər. Buna uyğun olaraq müsbət nəticələr əldə olunub”
Paralimpiyaçıları qarşılamağa gələn gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov da idmançılarımızı təbrik edərək qazandıqları medallara görə, ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
“Biz bir daha sübut etdik ki, Azərbaycan idmanın inkişafına görə dünyada ön sıralarda gedən ölkələrdən biridir. Paralimpiyaçılarımızın uğurları onu göstərir ki, bütün idman növlərində yüksək sürətlə inkiaf gedir. Qazandığımız medallar Azərbaycanın beynəlxalq aləmdə tanınmasında böyük rol oynayır. Bütün idmançılarımızı təbrik edirəm. ümid edirəm ki, uğurlarımız, qazandığımız medalların sayı bundan sonra da daha çox olacaq”, -deyə nazir müavini qeyd edib.
Anar Kəlbiyev