Lerikin Veri Əliabad kəndində torpaq sürüşməsi meydana gəlib. Bununla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) saytı məlumat yayıb. Təbii fəlakət nəticəsində kənddə yerləşən 3 ədəd fərdi yaşayış evinin istismarı üçün ciddi təhlükə yaranıb.
Hadisə ilə bağlı Modern.az-a danışan Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov bu zonada ilk sürüşmənin 16 il əvvəl qeydə alındığını vurğulayıb:
“Veri Əliabad kəndində ilk torpaq sürüşməsi 2005-2007-ci illərə təsadüf edir. Sürüşmə zonası təyin edildikdən sonra Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri buraya baxış keçirib. Yaşayış evlərinin qəzalı vəziyyətə düşdüyü aşkar edilib. Lakin bundan sonra vəziyyətlə bağlı bir iş görülmədi. Ötən il proses yenidən aktivləşdi və Rayon İcra Hakimiyyəti olaraq müvafiq qurumlara müraciət etdik. Dünən baş verən hadisədə isə Fövqəladə Hallar Nazirliyi tərəfindən yararsız vəziyyətə düşən üç yaşayış evinin sakinləri üçün çadırlar quraşdırılıb. Hazırda vəziyyətləri yaxşıdır. Eyni zamanda, vaxtilə ərazidə məktəb də qəzalı vəziyyətə düşmüş, Təhsil Nazirliyi tərəfindən yeni məktəb binası tikilmişdi”.
Fidan Əli