Azərbaycandakı dini konfessiya rəhbərləri dünən Ağdama səfər ediblər. Səfərdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Azərbaycandakı Roma Katolik İcmasının rəhbəri Vladimir Fekete və Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili iştirak edib.
Modern.az-ın əməkdaşı səfərdə olan bir neçə din xadiminin təəssüratlarını öyrənib.
Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Melih Yevdayev:
“Ağdamı ziyarət etdik, ermənilərin törətdiyi vəhşilikləri görmək çox acınacaqlıdır. Necə deyərlər, daşı daş üstə qoymayıblar. Ora səfər etmək çox gözəl hisslərdi. İllərdir düşmən tapdağında olan torpaqların bu gün azadlıqda olması təsvir edilməz xoşbəxtlikdir. Dağıdılıb viran edilim ərazilərin abadlaşmasına bir az zaman lazımdır”.
Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili:
“Bu mənim azad olunmuş ərazilərə 5-ci səfərim olmasına baxmayaraq, Ağdama birinci gedişim idi. Bu səfər digərlərindən fərqli idi. Düzünü desəm, Ağdam yaddaşımda balaca bir kənd kimi qalmışdı. Amma Ağdam böyük bir şəhər imiş. Ağdamın abadlaşması üçün uzun zaman lazımdır. Orada vandalizmi elementləri həddindən çoxdur. Ağdam Kəlbəcərdən, Laçından fərqli idi, çünki bütün binalar dağıdılıb. Sadəcə səbr lazımdır ki, orada hər şey yenidən qurulsun”.
Milli Məclisin deputatı Cavanşir Paşazadə:
“Dünən şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi altında Ağdama səfər etdik. İllər sonra oranı görmək mənim arzum idi. Səfər zamanı təcavüzkarların orada qazdığı səngərləri, aşkarlanan mina qalıqlarını gördükdə 30 il ərzində bizə mənsub olan torpaqlardan necə istifadə etdiklərinin şahidi olduq. Oraları görmək mənim üçün çox böyük xoşbəxtçilikdir. İnşallah, bütün azad olunmuş ərazilərimiz bərpa olunacaq.
Yadımdadır ki, o vaxt Ağdam məscidinin qabağında 3 mərtəbəli çayxana və böyük park var idi. Hazırda vəhşi ermənilər tərəfindən yerlə-yeksan olunub. Mən deyə bilmərəm ki, orada Ağdamdan didərgin düşmüş insanlar yaşayacaq. Çünki bu gün bütün Azərbaycan ağdamlıdır, bütün Azərbaycan Qarabağlıdır!”.
Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə və dini konfessiyaların rəhbərləri Ağdamın Cümə məscidində namaz qalıb.
Fidan İlqarqızı