Modern.az

Oxunması yasaq olan kitablar - Azərbaycanda belə əsərlər hansılardı? - MARAQLI

Oxunması yasaq olan kitablar - Azərbaycanda belə əsərlər hansılardı? - MARAQLI

13 Sentyabr 2012, 11:40

Müxtəlif illərdə müxtəlif ölkələrdə kitablar yasaq edilib. Sovet vaxtında yaşayanlar yaxşı bilir ki, o dönəmdə tam yasaq edilən kitablarla bərabər, bəzi əsərləri xüsusi icazə ilə oxumaq olardı. Bəs indi durum necədir? Azərbaycanda elə kitablar varmı ki, o qadağan olunsun? Bu prosedur necə həyata keçirilir?

Modern.az-a açıqlamasında “İREX-Azərbaycan” media təşkilatının hüquqşünası Ələsgər Məmmədli kitabların yayımının qadağan edilməsinin mübahisəli məqam olduğunu söyləyib. “Çünki istənilən halda hər hansı bir daşıyıcıda olan düşüncələrin insan hüquq və azadlıqlarının məhdudlaşdıracaq şəkildə (əgər hər hansı bir təbliğat içərisinə daxil deyilsə) məhdudlaşdırılması yol verilməzdir”.
Hüquqşünas bildirib ki, dini ədəbiyyatların, yəni dini ayrı-seçkilik salan, dini təxribata yönələn materiallının yayımı əgər milli təhlükəsizliyi təhdid edirsə və ya konstitusiyalı quruluşu bu və ya digər formada pozmağa yönəlibsə, o zaman onların məhkəmə yolu ilə yayımı dayandırılması mümkündür: “Amma məhkəmə yolu olmadan hər hansı bir inzibati orqanın, ya da icra strukturunun strukturunun hər hansı bir kitabı qadağan etməsi ifadə azadlığına birbaşa müdaxilə hesab oluna bilər”.

Ə. Məmmədli qadağan edilmiş kitabların elektron variantlarının yayılmasından da danışıb. O, qeyd edib ki, əgər kitabla bağlı məhkəmə qərarı varsa, burada kitabın hansı yolla yayılmasının metodu ikinci planda qalır, çünki bütünlüklə kitab qadağan olunmalıdır. “Qadağan olunan kitabı məhkəmə qadağan edirsə, o zaman məhkəmə onun bütün ölkə üzərində yayımını qadağan etməlidir. Belə olan halda onun yayımı olan hər hansı bir internet saytına ölkədən çıxışı məhdudlaşdırılacaq”.

Hüquqşünasın sözlərinə görə, məhkəmədən başqa digər orqanların kitabları qadağan etməsi qanunsuzdur: “Bizdə dini komitə qərar verir ki, filan kitabların yayımı qadağandır. O bir məhkəmə qərarı deyil. Məhkəmə qərarı olmadığı üçün onun icra qabiliyyəti olmayacaq. Yəni rəsmi kitab mağazası satmayacaq, başqa yerlərdə satacaqlar. Onun qadağan edilməsinin özü qanunsuzdur”.

Ə. Məmmədli Azərbaycanda Adolf Hitlerin “Mənim mübarizəm” kitabının 5 il öncə məhkəmə yolu ilə qadağan edildiyini söyləyib. O bildirib ki, Milli Təhlükəsizlik Nazirliyinin bu işə qarışması ilə məhkəmə bu kitabın yayımını qadağan etdi.

“Əli və Nino” kitab mağazaları şəbəkəsinin rəhbəri Nigar Köçərli isə hansısa kitabın dövlət tərəfindən qadağan edilməsi halıyla rastlaşmadığını bildirib. “Mən ümumiyyətlə bu cür hallarla qarşılaşmamışam. Məsələn, bizə çox tez müraciət edirlər ki, Hitlerin “Mənim mübarizəm” kitabını istəyirlər. Amma biz onu prinsipial olaraq çap etməyə və ya satışa buraxmaq istəməzdik. Çünki bu həqiqətən mənfi bir kitabdır. Onun satışı hər yerdə qadağandır. Amma o kitabı Azərbaycanda tez-tez soruşurlar. Mən qəti əleyhinəyəm ki, bu kitab satışda olsun. Amma digər kitablarla bağlı yox. Mən b elə bir şey eşitməmişəm. Ola bilər ki, başqa kitab dükanlarında olsun. Amma bizdə belə bir hal yaşanmayıb”.

“Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu qanunla bizdə qadağan olunan kitabların olduğunu bildirib. “Qanun nəyi qadağan edir? Pornoqrafik materiallar tərkibində olan kitabları, eləcə də dini təbliğat xarakterli kitabların ölkəyə gətirilməsi qadağandır”. Ş. Xuduoğlu Azərbaycanda Adolf Hitlerin kitabından başqa digər kitabların yayımının dayandırılmadığını söyləyib.

Müxtəlif dövrlərdə fərqli ölkələrdə qadağa edilmiş kitabların siyahısı:

Uilyam Şekspir. “Hamlet” - 16-cı əsrdə yazılmış faciə 1978-ci ildə Efiopiyada qadağan edilib.

Ceyms Coys. “Uliss” - Kitab nəşr olunan zamandan mübahisələrə və senzuralara məruz qalıb. Kitab Böyük Britaniyada 1930-cu illərə qədər qadağan idi.

Corc Oruel. “1984” - Kitab çap olunan zaman Amerikada "kommunizm təbliğ" etdiyinə görə və əsərdəki açıq seksual səhnələrə görə tənqid edilib. Kinayə ondan ibarətdir ki, keçmiş SSRİ-də də “1984” kommunizmə edilən hücum kimi qiymətləndirilib və qadağan edilib.

Den Braun. “Da Vinçinin şifrəsi”- 2003-cü ildə işıq üzü görən roman xristianlığı alçaltdığı üçün Livanda qadağan edilib.

Uilyam Qoldinq. “Milçəklərin tanrısı” - Nobel mükafatı laureatı tərəfindən yazılmış alleqorik əsərdir. Əsər qəza nəticəsində adaya düşən və burada yaşamağa məcbur olan bir qrup uşağın simasında insan tərəfindən yaradılan sivilizasiyanın məhv olduğunu, insanların həmişəlik vəhşilərə çevrildiyini göstərir. Əsər insanın heyvandan başqa bir şey olmadığını iddia etdiyinə görə və zorakılıq səhnələrinə, vulqar dilinə, irqçilik, qadınların, azlıqların, şikəstlərin və Tanrını alçaldan ifadələrdən istifadə edilməsi iddialarıyla qadağan olunub.

Vladimir Nabkov. “Lolita” - Romanda pedofiliya elementləri olduğu üçün Fransa, Böyük Britaniya, Kanada, Yeni Zellandiya, Cənubi Afrika Respublikası və Argentinada “Lolita”nın çapı və yayımı qadağan edilib.

Anna Frank. “Anna Frankın xatirə dəftəri”-  Sionizm təbliğatına görə Livanda qadağan edilib.

Boris Pasternak. “Doktor Jivaqo” - Müharibə təbliğatını və stalinizmi tənqidi etdiyi üçün SSRİ-də 1988-ci ilə qədər qadağan idi.

Vasiliy Qrossman. “Həyat və tale” -  1959-cu ildə yazılan kitabda Stalinqradın müdafiəsi uğrunda vuruşan əsgərin parçalanmış ailə əhvalatından söhbət edilir. Əsər məhv edildi. Kitabın bir nüsxəsi 1980-ci ildə ortaya çıxdı və kitab İsveçrədə işıq üzü gördü.

Epton Sinkler. “Cəngəllik” - Roman 1956-cı ildə şərqi Almaniyada kommunizmlə uyğunlaşmadığı üçün qadağan olunub.

Andre Malro. “Ümid” - Dünyanın bütün dillərinə tərcümə edilən bu kitab Türkiyədə də nəşr olunmuşdu. İspaniya Vətəndaş müharibəsindən danışan roman kommunizm təbliğatına görə 1968-ci ildə Türkiyədə 4-cü Sülh Cəza Məhkəməsinin qərarı ilə yasaqlandı.

Henri Miller. “Xərçəng tropiki” - 1934-cü ildə ABŞ-da ədəbsiz sayılaraq 30 il qadağa altında saxlanıldı.

Betti Mahmudi. “Qızım olmadan əsla” -  Ölkəsinin acınacaqlı vəziyyətini təsvir etdiyi üçün İranda qadağan olunub.

Volter. “Kandid” –1930-cu ildə ABŞ gömrük məntəqələrində ölkəyə gətirilməsinin qarşısı alınıb.

Qustav Flober. “Madam Bovari” – 1856-cı ildə yazılan roman fransız xalqının əxlaqi dəyərlərini təhqir etdiyi üçün qadağan olunmuşdu.

Karl Marks. “Kapital” - Türkiyədə uzun müddətdir ki, qadağan edilib.

Çarlz Darvin. “Növlərin mənşəyi” -. Darvinin təkamül nəzəriyyəsini işıqlandıran kitabı 1859-cu ildə Yuqoslaviyada, 1935-ci ildə Yunanıstanda qadağan edilib. ABŞ-da 1925-1967-ci illərdə təkamül nəzəriyyəsini öyrətmək qadağan idi.

Aleksandır Soljenitsın. “İvan Denisoviçin həyatında bir gün”. 1964-cü ildə Sovet İttifaqında qadağan edilmişdi.

“Min bir gecə” nağılları. 1926-1950-ci  illərdə ABŞ-da əxlaqi dəyərlərə cavab vermədiyi üçün qadağan edilmişdi. Bu qərar İran və Əfqanıstanda indiyədək qüvvədə saxlanıb. Misirdə qadağa cəhdləri davam edir.

Migel de Servantes. “Don Kixot”. 17-ci əsrin əvvəlində İspaniyada inkvizisiya məhkəməsi tərəfindən “Xeyriyyəçiliyin dəyərsiz göstərilməsi” səbəbi ilə qadağan edilib.  

Səid Nursi. Nur külliyyatı. Türkiyədə 1963-cü ilə qədər qadağan olunub.

S. İltifatqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI