Modern.az

Yaşasaydı, ad gününü qeyd etməyəcəkdi... - FOTOLAR

Yaşasaydı, ad gününü qeyd etməyəcəkdi... - FOTOLAR

11 Aprel 2021, 14:10

Abakar Hacıyev haqda söz demək çox xoşdu və həm də çox ağırdı. Vətən müharibəsində itirdiyimiz şəhidlər içərisində mən Abakarı şəxsən tanıyırdım. Gözəl insan, peşəkar, həmişə əsgərilə bir olan təcrübəli bir hərbçi idi.

 

Abakar Hacıyev 2017-ci ildə Qusardakı hərbi hissədə komandirin ideoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini vəzifəsinə təyin olunandan sonra tanımışam. Sadə, verdiyi sözə əməl edən, əsgərinin qeydinə qalan, mətbuatın dostu və çox təcrübəli zabit kimi tanımışam. Heç vaxt hərbi hissənin sirrini verməyib, amma, mətbuatın bilməsi vacib olan bütün  xəbərləri biz-jurnalistlərə verirdi. Bu insanda heç vaxt yalan, süründürməçilik və aldatmaq olmayıb. Tək mənim yox, bütün mətbuat nümayəndələrinin işi Abakardan keçirdi. Özü də tək bizim yox, Qusarda rəsmi qurumlarda da işi düşən, sözü olan Abakarı axtarırdı. Niyə bilirsiniz? Çünki, bilirdik və bilirdilər ki, Abakar deyilən sözə əməl edəcək.

 

İndi də axtarırıq Abakarı. Mən hərbi hissənin yanından keçəndə, hərbi hissədə bir tədbir olanda gözüm Abakarı axtarır indi də... Elə bilirəm ki, zəng eləsəm nömrəsinə, şirin avar ləhcəsi ilə yenə deyəcək Abakar: "Aytəkin xanım, yadımdadı, "Açıq qapı" qurtarsın, şəkilləri göndərəcəyəm".

Sanki,birdən yuxudan ayılıram, axı Abakar daha yoxdu. O daha uca yerdədi... Şəhidlik zirvəsində. İndi onun öz şəkilləri gəlir mənə doğulduğu Zaqatalanın Dardoqqaz kəndindən... Doğma kəndi Dardoqqaz qəbristanlığındakı məzarı başına toplaşanların şəkilləri gəlir indi mənə...

 

 

Bu gün Abakar Hacıyevin 42 yaşı tamam olur. Yaşasaydı, 42 yaşını qeyd edəcəkdi, özü yox, ailəsi. Çünki, özü ad gününü qeyd etməyəcəkdi, vaxtı olmayacaqdı, işdə olacaqdı, əsgərinin yanında olacaqdı. Onu evdə gözləyən vəfalı xanımına" Arzu, Siz oturun süfrə başında, mən çatmıram evə gəlməyə, təlimimiz var" - deyəcəkdi.

 

İndi isə Vətən müharibəsinin qəhrəman şəhidi Abakar Hacıyevin 42 yaşını bütün Azərbaycan qeyd edir. Doğulduğu Dardoqqaz kəndi indi elə genişdir ki... Onu tanıyanların hamısı, hərbçi yoldaşları məzarı başına yığışıblar... Təsəlli üçün söz tapmıram.... Abakar Hacıyev kimi igidlərimiz Vətən yolunda canlarından keçdilər. Onları nə biz, nə də tarix unudacaq...

 

Qusarda Abakar Hacıyevin ən yaxın dostu olan Qarabağ Əllilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qusar filialının sədri Canəli Hörmətov da ondan söz düşəndə təsirlənir. Deyir ki, "mən Abakarı o müharibəyə gedən gündən bir gün əvvəl-sentyabrın 26-da görmüşəm. Çox qayğılı və həyəcanlı idi. Mənə dedi ki, gedirik, düşmənin başını əzək". Əzdi də..., canı bahasına, qanı bahasına. Şuşanın Qırmızı Bazar yaşayış məntəqəsinin "Şexer"adlanan ərazisində qəhrəmancasına şəhid oldu, amma geri çəkilmədi...

 

 

Mən yazımın əvvəlində Abakarı şəxsən tanıdığımı dedim. Müdafiə Nazirliyinin Qusardakı hərbi hissəsi Vətən müharibəsində 107 igidini qurban verib. Onların hər biri bizə əzizdir, hər biri.. Abakar Hacıyev kimi bu gün onları, ümumilikdə, 2-ci Qarabağ müharibəsində canından keçən hər bir şəhidimizi də hörmətlə anıram. Mənim fikrimcə, şəhidlərimizi tək bir gün yox, doğum-ölüm günlərində yox, bütün ilboyu ziyarət eləməliyik. Çünki,onlar bizim bütün günlərimiz üçün canlarından keçiblər.

 

Zaqatalanın 33 şəhidindən biri olan Abakar Hacıyevin ailəsinə bir daha səbr, dözüm və Fəxr arzulayıram. Abakar və silahdaşları həmişə fəxr edilməyə, xatırlanmağa layiq bir ömür yaşadılar. Yeri gəlmişkən, bu gün Abakar Hacıyevin doğum günü ilə bağlı məni və Canəli Hörmətovu onlayn görüşə dəvət edən Zaqatala rayonunun Üçüncü Tala kənd tam orta məktəbinin tarix müəllimi Xalidə Şabanovaya təşəkkür edirəm. Hər bir məktəbliyə Abakar Hacıyev kimi vətənpərvər olmağı arzu edirəm.

 

 

Aytəkin Alxaslı, Qusar

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?