Modern.az

Azərbaycanlı deputat AŞPA-nın Bərabərlik və Qeyri-Diskriminasiya komitəsinin iclasında danışıb

Azərbaycanlı deputat AŞPA-nın Bərabərlik və Qeyri-Diskriminasiya komitəsinin iclasında danışıb

14 Sentyabr 2012, 16:40

Albaniyanın paytaxtı Tiranada Avropa Şurası Parlament Assambleyasının Bərabərlik və Qeyri-Diskriminasiya komitəsinin iclası keçirilib. İclasda ölkəmizi təmsil edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, komitənin Rasizm və Ksenofobiya alt komitəsinin sədri, millət vəkili Sahibə Qafarova gender ayrıseçkiliyinin aradan qaldırılması haqqında məsələnin müzakirəsində iştirak edib.
Kişi və qadınlar üçün bərabər imkanların yaradılması, qadınlarının zorakılığın bütün hallarından azad olunmasının Avropada kifayət qədər mühüm və vacib məsələ olduğunu söyləyən millət vəkiilinin sözlərinə görə, günümüzdə beynəlxalq sənədlərin əksəriyyətində, gender bərabərliyi, insan hüquq və azadlıqları cəmiyyətin əsas tendensiyalarından biri kimi qəbul olunur.
Təsadüfi deyil ki, hazırki dövrdə bir çox ölkələrdə demokratiyanın inkişaf səviyyəsi bu məsələlərin nizamlanması ilə birbaşa bağlıdır: «Həqiqətən də, beynəlxalq hüquqda qadınlara öz hüquqlarını müdafiə və realizədə imkanların yaradılması bu gün demokratik dünyanın ən çox diqqət ayırdığı məsələlərdən biridir. Bu istiqamətdə çoxlu sayda hüquqi sənədlər və beynəlxalq qərarlar qəbul olunsa da, bu məsələ bəzi hallarda reallıqda öz əksini tapmır və bəyan edilmiş bərabər hquqların reallaşdırılması çox hallarda real bərabər şansların olmamasından pozulur. Mən ümid edirəm ki, qadınların diskriminasiyası, onlara qarşı zorakılıq və işgəncə ilə mübarizədə görülən tədbirlər müsbət nəticələr verəcək və bu məslənin beynəlxalq əməkdaşlıq çərçivəsində həllinə daha asan nail olmaq mümkün olacaq».

Daha sonra ölkəmizdə gender bərabərliyinin təmin olunması isitiqamətində görülən işlər haqqında da məlumat verən Sahibə Qafarovanın sözlərinə görə, Azərbaycan 20 ildir ki, müstəqil respublikadır. Bu qısa müddətə baxmayaraq, respublikamız bir sıra sferalarda eləcə də, insan hüquq və azadlıqlarının təmin olunması sahəsində böyük nailiyyətlər əldə edib: «Azərbaycan hökuməti bu sahədə ilk addımlarını Pekində keçirilən qadınların vəziyyətinə dair 4-cü beynəlxalq konfransında 1995-ci ildə BMT-nin qadınlara qarşı bütün ayrı-seçkiliyinin aradan qaldırılmasına dair Konvensiyasını imzalamaqla atıb. 2001-ci ildə Azərbaycan Avropa Şurasına qoşulub və gender bərabərliyi komitəsi ilə fəal əməkdaşlığa başlayıb. Bu sahədə daha bir müsbət məqam 2010-cu ildə zorakılığın bütün formalarının aradan qaldırılması haqqında qanunun qəbuludur. Ölkəmizdə vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi istiqamətində vətəndaşların fəaliyyətinin genişləndirilməsinə dair müxtəlif sahələrdə həyata keçirilən tədbirlər cəmiyyətimizdə qadınların rolunun artmasına səbəb olub».

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu