“Rayonda 5-6 molla yığışıb özlərindən yeni din yaradırlar”
Yas mərasimlərinin ümumi qaydada keçirilməsi ilə bağlı məsələ dəfələrlə Milli Məclisdə qaldırılsa da, problem hələ də qalmaqdadır. Xüsusən də bölgələrdə təşkil edilən yas mərasimlərində köhnə ənənələrə dayanan ifrat israfçılıq və cahillik hökm sürür. Hətta yoxsul insanlar belə, borc-xərcə girərək el qınağına tuş gəlməmək üçün yas mərasimlərini dəbdəbəli şəkildə keçirməyə məhkumdurlar. Məsələ dəfələrlə ictimai müzakirəyə çıxarılsa da, görünür bu işdən şəxsi xeyr güdən insanların olması problemi həll etməyə imkan vermir.
Modern.az-ın məlumatına görə, Milli Məclisin deputatı Fazil Mustafa yas mərasimlərilə bağlı Azərbaycanın rayon və kəndlərində hökm sürən acınacaqlı duruma görə el arasında gəzən mollaları günahlandırıb. Deputat məsələ ilə bağlı bildirib ki, dinlə dırnaqarası məşğul olan bəzi işbaz “mollalar” insanların cahilliyindən istifadə edirlər. Bölgələrdə keçirilən yas mərasimlərindəki aşırı israfçılıqdan gileylənən F.Mustafa məsələnin kökündə köhnə ruhlu ağsaqqal mifalogiyasının durduğunu vurğulayıb.
“Bu bizim üçün ən böyük problemlərdən biridir ki, yas mərasimlərində ürək ağrıdan görüntülərə rast gəlirik. Ötən günlərdə Biləsuvar raronuna hüzür yerinə getmişdim. Yoxsul bir insandı yas sahibi. Evində olan bütün mal-qaranı yası yola vermək üçün kəsibmiş. Orada adət belədir ki, mərhum dəfn olunandan sonra bir həftə boyunca, eləcə də hər cümə axşamı, qırxında və ilində bütün kənd yeməyini ölü yiyəsinin evində yeməlidir. 6-7 molla özündən din düzəldib, qayda qoyublar. Bu qaydaya əməl etməyənlər kənddə qınaq obyektinə çevrilirlər. Ayrılıqda isə hər kəs bu qaydadan narazıdı. Şəhər yerlərində heç olmazsa 3 və 7-ni birləşdirib bir az ölü sahibinin yükünü azaldırlar. Qəribə budur ki, ağsaqqallara tövsiyyə edəndə ki, yığışın özünüz qaydaları yumşaldın, kimsə İslama dəxli olmayan, Peyğəmbərimizin sünnətində yer almayan bu qaydaları dəyişmək üçün öncüllük etmək istəmir. Sabah yuxarıdan zorakılıqla bunlar edilsə, o zaman çoxları bu məcburiyyətdən gileylənəcək. Azərbaycanın əksər bölgələrində xüsusilə də cənub rayonlarımızda ölü sahibi ölüsü ilə birlikdə maddi cəhətdən ölməyə məhkum edilir. Sonra da bəzi bədxahlar bunu islam dini ilə əlaqələndirib, dinimizi aşağılamağa çalışırlar”, - deyə deputat yas mərasimlərindəki durumdan narazılıq edib.
Anar RÜSTƏMOV