Modern.az

“Əzizbəyov”un adı metro stansiyasından götürüləcək

“Əzizbəyov”un adı metro stansiyasından götürüləcək

5 Fevral 2010, 13:14

Bakı şəhərində bolşevik komissar Məşədi Əzizbəyovun heykəlinin uçurulmasından sonra onun adının metro stansiyasından da götürülməsi məsələsi gündəmə gəlib. Bakı Metropolitenindən Modern.az-a bildirilib ki, bu günlərdə müəssisədə bununla bağlı müzakirələr də aparılıb. Mümkündür ki, Bakı Metropoliteni yaxın zamanlarda Məşədi Əzizbəyov stansiyasının adının dəyişdirilməsi üçün Nazirlər Kabinetinə müraciət etsin. Qeyd edək ki, bir müddət öncə Məşədi Əzizbəyov Bakıdakı abidəsinin götürülməsinin ardından tarixçilər Əzizbəyovu xa1q düşməni elan etdilər. Ötən həftə Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirilən mətbuat konfransında deyib ki, aparılan tədqiqatlar sübut edir ki, M.Əzizbəyov  Biləsuvar, Salyan bölgəsində cəza dəstələrinə başçılıq edib və kütləvi qırğınlar həyata keçirib. Bakı Metropolitenindəki mənbənin Modern.az-a bildirdiyinə görə, “Əzizbəyov” stansiyasının adının dəyişdirilməsi ilə bağlı müzakirələrin davam etdirilməsi nəzərdə tutulur. “Ola bilsin ki, yaxın vaxtlarda yeni adla bağlı təklif hazırlansın”.

Məşədi Əzizbəyov 1918- ci ildə Bakı Xalq Komissarları Sovetində quberniya komissarı, sonra xalq daxili işləri komissarının müavini işləyib. O, 1918-ci il mart ayının sonlarında Bakı şəhərində erməni-rus quldur birləşmələri tərəfindən türk-müsəlman əhalisinin qətliamı törədilərkən Bakı Kommunasında məsul vəzifə tutub və faktiki olaraq öz millətinin qırğınında erməni və bolşevik ünsürlərlə birgə iştirak edib.  O, 1918-ci il sentyabrın 20-də Bakı Komissarları sırasında güllələnib. 1967-ci ildə memar Tokay Məmmədov tərəfindən M.Əzizbəyovun heykəli hazırlanıb və Bakıda qoyulub. Bunun ardınca Bakı Metropolitenin yeni istifadəyə verilən stansiyalarından biri M.Əzizbəyovun adı ilə adlandırılıb. Modern.az

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir