“Dostlar sağ olsunlar məni heç vaxt unutmurlar”
Bu gün Milli Məclisin üzvü, Ümid Partiyasının sədri İqbal Ağazadənin doğum günüdür. 44 yaşını qeyd edən deputat Modern.az-a açıqlamasında bildirib ki, hər il olduği kimi o, bu ildə doğum gününü təmtəraqla keçirməyəcək.
“Mən heç vaxt doğum günümü qeyd etməmişəm. Ümumiyyətlə mən bunu xoşlamıram. İndiyə kimi də heç vaxt ad günümü xüsusi təmtəraqla keçirməmişəm. Bu günün mənim üçün digər günlərdən heç bir fərqi yoxdur. Yenə də dostlar sağ olsunlar məni unutmurlar. Hətta dünəndən mənə zəng vuraraq doğum günümü təbrik edirlər”, - deyə İ.Ağazadə vurğulayıb.
Millət vəkili həmçinin qeyd edib ki, AMİP sədri Yusif Bağırzadə, Sərdar Cəlaloğlu, Pənah Hüseyn, Rauf Arifoğlu və digər dostları onu telefonla təbrik ediblər.
Xatırladaq ki, İqbal Ağazadə 1968-ci il sentyabrın 18-də Füzuli rayonunun Merdinli kəndində anadan olub. Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini və Kiyev Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
1994-cü ildən Bakı Dövlət Universitetində, 1995–1999-cu illərdə Bakı Asiya Universitetində müəllim işləyib.
Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvüdür. Azərbaycan-Braziliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-İordaniya, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Evlidir, 2 övladı var.
Anar RÜSTƏMOV