Ölkə başçısının dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, bəzi icra başçıları hələ də özlərini “kiçik padşahlar” kimi aparmaqda davam edirlər. Və nədənsə hər şeyin onların planlaşdırdığı kimi davam edəcəyinə inanırlar. Amma deyir sən saydığını say, gör Dövlət Təhlükəsizliyi Xidməti (DTX) nə sayır... Əlbəttə, “padşahlar”ın saydığı pul, DTX-nın saydığı isə onların korrupsiya faktlarıdır.
Hüquq-mühafizə orqanları tərəfindən ötən il rüşvət və korrupsiyaya bulaşan sabiq icra başçılarının həbsilə start verilən “təmizləmə əməliyyatı” bu il də davam etdirilir. Vətəndaşların sosial şəbəkələr üzərindən ayrı-ayrı rayonlarda icra başçılarından olan narazılıqları isə bu “xəmir”in hələ çox su aparacağını deməyə əsas verir.
Dünən yayılan qeyri-rəsmi məlumatlara görə, DTX-nın “qara maskalı”larının növbəti dayanacağı Şəmkir rayon İcra Hakimiyyətinin binası olub. Əməliyyat zamanı icra başçısı Alimpaşa Məmmədovun, başçının keçmiş birinci müavini, Təhsil şöbəsinin hazırkı müdiri Qüdrət Əliyevin, baş memar İlqar Quliyevin, Şəmkir şəhər icra nümayəndəsi Pərviz İbrahimovun və Mənzil-kommunal istismar idarəsinin rəisi Teymur Hacıyevin saxlanıldığı bildirilir.
Elə bu gün Prezident İlham Əliyevin Alimpaşa Məmmədovun vəzifədən azad edilməsilə bağlı imzaladığı sərəncamı da əməliyyatı təsdiqləyir...
Buna qədər vəzifədən azad olunan icra başçıları təxminən eyni ittihamlarla-rüşvət, korrupsiya, mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə ilə dəmir barmaqlıqlar arasına göndəriliblər.
Ötənilki əməliyyatlar zamanı Ağstafanın icra başçısı Nizaməddin Quliyev, Yevlax Şəhər İcra Hakmiyyətinin başçısı Qoca Səmədov, Neftçalanın icra başçısı İsmayıl Vəliyev, Biləsuvarın icra başçısı Mahir Quliyev, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev, Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov, onun birinci müavini Tacəddin Novruzov, ərazi idarəetmə şöbəsinin müdiri Natiq Kərimov ölkə və xalq qarşısında “xidmətlərinə” görə “mükafatlandırılıblar”.
Adları çəkilən sabiq məmurlar hazırda istintaq altındadırlar və barələrində araşdırma davam edir.
Görünən odur ki, heç kəs unudulmur, heç kəs yaddan çıxmır. Bu ölkənin inkişafında, sütunlarının laxladılmasında xidmətləri olan hər kəs sözün əsl mənasında öz layiqli mükafatını alır...