Modern.az

Müxalifət iqtidarla növbəti dialoqa hazırdır – Partiyaların rəyi

Müxalifət iqtidarla növbəti dialoqa hazırdır – Partiyaların rəyi

18 Sentyabr 2012, 16:57

Müxalifətlə iqtidarın növbəti dialoqu

Avropa Parlamentinin Ramil Səfərovla bağlı qəbul etdiyi qətnaməyə etiraz olaraq uzun müddətdən sonra biraraya gələn iqtidar-müxalifət nümayəndələrinin görüşü siyasi müstəvidə birmənalı qarşılanmadı. Hətta görüşdən sonra iqtidarla müxalifətin görüşünü dəstəkləyənlər də oldu, buna qarşı çıxanlar da. Azərbaycan prezidenti Adminstrasiyasının şöbə müdiri Əli Həsənov  bu gün jurnalistlərə açıqlamasında sözügedən dialoqa toxunaraq bu səpkili görüşlərin yenidən davam edəcəyini bildirib. Görünür iqtidar seçkiöncəsi müxalifətlə dialoqa müsbət yanaşır. Bəs, müxalifət partiyaları necə iqtidarla yenidən dialoq gedəcəklərmi?

Müsavat başqanın müavini Gülağa Aslanlı Modern.az-a açıqlamasında iqtidar-müxalifət dialoqunu müsbət qiymətləndirərək ümummilli maraqlar naminə hakimiyyətlə dialoqa gedəcəklərini bəyan edib.

“Müsavat Partiyası olaraq biz  ötən dialoqda iştirak etdik. Bundan sonra da bizim mövqeyimiz dəyişməz olaraq qalır. Hesab edirik ki, dialoqun mövzuları təbii ki, ümummilli məsələlər olmalıdır. Bu baxımdan biz hakimiyyətlə Dağlıq Qarabağ məsələsindən başlayaraq Azərbaycanda demokratik seçkilərin keçirilməsinə qədər bir sıra mühüm məsələləri müzakirə etməyə hazırıq. Bundan sonra da bu kimi görüşlərdə iştirak edəcəyik”.

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə mövzu ilə bağlı öz mövqeyini bildirib:

“Biz də müxalifət təmsilçisi olaraq iqtidarla belə dialoqlara müsbət baxırıq. Istər Dağlıq Qarabağ münaqişəsi olsun, istərsə də digər ümummilli maraqları əhatə edən digər mövzular olsun biz bu məsələlərin iqtidarla müxalifət arasında müzakirəsini düzgün hesab edirik. Bu baxımdan hesab edirəm ki, iqtidarla müxalifət görüşləri siyasi müstəvidə demokratik ənənələrin yaradılmasına zəmin yarada bilər”.

ADP sədri Sərdar Cəlaloğlu hakim Yeni Azərbaycan Partiyası ilə görüşə müsbət yanaşdığını deyib. Onun sözlərinə görə, hakimiyyət bundan sonra da müxalifətlə görüşə maraq göstərməlidir.

“Biz bu görüşü çoxdan gözləyirdik. Ötən həftə bu görüş baş tutdu. Bizə lazım olan odur ki, Azərbaycanda iqtidarla müxalifət biraraya gələrək ümumi maraqlardan çıxış edə bilərlər. Bu da  Azərbaycanda demokratikləşmənin yolunu aça bilər. Mən də şəxsən iqtidarla dialoqda iştirak etmək niyyətindəyəm”-deyə S.Cəlaloğlu vurğulayıb.

Qeyd edək ki, sentyabrın 14-də Avropa Parlamentinin zabit Ramil Səfərovla bağlı çıxardığı qətnaməni  müzakirə etmək üçün müxalifətlə iqtidar təmsilçiləri uzun sürən fasilədən sonra biraraya gəliblər. İqtidar-müxalifət görüşü siyasi sferada müəyyən narazılıqlara səbəb olsa da ümumilikdə isə bu addımı müsbət qiymətləndirmək yerinə düşər.

 

Anar  RÜSTƏMOV

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi