Rusiya Federasiyasının Azərbaycandakı səfiri Vladimir Doroxin Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb. Səfir nazir müavini Xələf Xələfov tərəfindən qəbul edilib. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, görüşdə X.Xələfov Rusiya səfirinə cari ilin 14 sentyabr tarixində Moskva şəhər meriyasının icazəsi və "Rus-Erməni Birliyi"nin təşkilatçılığı ilə Moskva şəhərində Ramil Səfərovun əfv edilməsinə qarşı keçirilmiş aksiyada Rusiya Dövlət Şurası və Dövlət Dumasının üzvü Vladimir Jirinovskinin Azərbaycan xalqına qarşı terrora, cinayətə, milli ədavətə və düşmənçiliyə təhrik edən təxribatçı və məsuliyyətsiz çağırışı ilə bağlı qəti etirazını bildirib.
X.Xələfov həmçinin bu məsuliyyətsiz çağırışın iki ölkə arasında mövcud əməkdaşlıq və dostluq münasibətlərinə kölgə saldığını vurğulayıb. Səfirlə görüşdə bildirilib ki, belə bəyanatlar Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlarda ATƏT-in Minsk arupunun həmsədr ölkəsi kimi Rusiyanın vasitəçilik missiyasına zərbə vurur.
Modern.az