ABŞ Prezidenti Co Bayden vəzifəyə gəldikdən sonra ilk dəfə Konqresdəki ortaq iclasda çıxış edib. ABŞ tarixində ilk dəfə iki qadın dövlət məmuru prezidentin arxasında əyləşib.
Modern.az xəbər verir ki, prezident Konqresdəki çıxışında təhsil, uşaq baxımı və ailələrə xərclər paketi, COVID-19-la mübarizədə keçdiyi yolu və Amerika xarici siyasətinin təfərrüatlarını izah edib.
Xarici siyasətlə bağlı da əhəmiyyətli vədlər verdiklərini söyləyən Bayden bildirib ki, Çin də daxil olmaqla bütün ölkələrin qlobal iqtisadiyyatda eyni qaydalarla oynamasına əmin olacaqlar:
“Rəqabəti alqışlayırıq və münaqişə istəmirik. İran və Şimali Koreyanın isə nüvə proqramlarının dünya üçün ciddi bir təhlükə yaratdığını vurğulayaraq, bu ölkələrin yaratdığı təhdidlərə qarşı diplomatik və qətiyyətli bir şəkildə mübarizə aparmaq üçün müttəfiqlərimizlə sıx əməkdaşlıq edəcəyik”.
İrqçiliyə toxunan prezident qeyd edib ki, ağ rasizm terrordur və bunu görməzdən gələ bilməzlər:
“Bu anda dünyanın bir çox yerində terror təhdidləri var və ABŞ ona qarşı mübarizəni davam etdirir. Kəşfiyyat qurumlarımızın qərarını görməzlikdən gələ bilmərik. Bu gün vətənimiz üçün ən böyük terror təhlükəsi ağ irqçilikdir. Ağ irqçilik terrorizmdir və biz bunu görməzlikdən gələ bilmərik. Amerikalılar, ölkəmizin ruhunu yaxşılaşdırmaq üçün bir araya gəlməliyik”.
Aysel Məhərrəmova