ABŞ prezidenti Co Baydenin bir neçə gün öncə səsləndidiyi uydurma “erməni soyqırımı” ifadəsi ətrafında müzakirələr bitmir.
Maraqlıdır, bu məsələyə görə ABŞ beynəlxalq məhkəməyə verilə bilərmi?
Bununla bağlı Modern.az-a Milli Məclisin deputatı, hüquqşünas Bəhruz Məhərrəmov açıqlama verib.
Onun sözlərinə görə, beynəlxalq məhkəməyə verməkdənsə, güclü siyasi addımların atılması Türkiyə üçün daha faydalı olar:
“Beynəlxalq məhkəməyə müraciət etmək üçün əsaslı səbəblər və hüquqi əsaslar olmalıdır. Məhkəmə hər kəsin hüququdur. Hər bir vətəndaşın, QHT nümayəndəsinin, hətta dövlətin belə məhkəməyə vermək hüququ var. Türkiyənin mövqeyi indiyə qədər aydındır, arxivləri açmağı təklif edir. Mənim fikrimcə, məhkəməyə verməkdənsə, güclü siyasi addımların atılması Türkiyə üçün daha faydalı olar. Burada hədəf və maraqlı tərəf Türkiyədir. Düzdür, prezident Co Bayden Türkiyənin adını çəkmir, söhbət Osmanlı İmperiyasından gedir. Təbii ki, Osmanlı dövlətinin də xələfi Türkiyədir. Bu məsələdə Türkiyə beynəlxalq imicini düşünərək, bununla bağlı prosedurlara nəzər yetirə bilər”.
Deputat Co Baydenin o ifadəni işlətməsinin Qarabağdakı məğlubiyyət sonrası erməni baş nazir Paşinyana dəstək məqsədi daşıdığını və hüquqi əhəmiyyəti olmadığını bildirib:
“Bir məqamı da nəzərə alaq ki, Baydenin “erməni soyqrımı” ifadəsini işlətməsi rəsmi olaraq Amerikanın “soyqrımı” faktını tanıması deyil. Bu, sadəcə məğlubiyyət sonrası Paşinyana dəstək məqsədi daşıyır. Eyni zamanda, Türkiyənin artan nüfuzuna, hərbi-siyasi gücünə təzyiq formatı idi. Amma bir daha qeyd edirəm ki, nə bu çıxışlar, nə də iddiaların heç biri dövlətlərə münasibətdə əsaslı bir təsirə malik olmayacaq. Sadəcə, bununla bağlı daha yaxşı olar ki, dövlət səviyyəsində deyil, hansısa QHT və ya təşkilat analoji addımlar atsın. Bununla bağlı məhkəmə işi o qədər də prespektivli məsələ deyil. Çünki bu məsələnin çıxış statusundan başqa hüquqi əhəmiyyəti yoxdur”.
Fidan İlqarqızı