Modern.az

“İqtidar-müxalifət birliyi Avropaya öz gücünü göstərdi”

“İqtidar-müxalifət birliyi Avropaya öz gücünü göstərdi”

19 Sentyabr 2012, 13:03

Azərbaycanın siyasi elitası vahid gücünü nümayiş etdirdi”

Bu fikirləri Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, millət vəkili Asim Mollazadə ötən həftə baş tutan müxalifət-iqtidar görüşünün bundan sonrakı perspektivlərini Modern.az-a şərh edərkən bildirib. Deputatın sözlərinə görə, bu görüş siyasi müstəvidə birmənalı qarşılanmasa da, Azərbaycan vahid gücünü Avropaya göstərə bildi.

“Mən iqtidar-müxalifət görüşlərini çox müsbət qiymətləndirirəm. Ümumiyyətlə ölkənin mühüm məsələləri ilə bağlı hər iki qütbün birgə müzakirəsinə ehtiyac var. Hesab edirəm ki, ümummilli məsələlərdə bu birliyi sərgiləmək lazımdır. Bizim partiya da bu görüşlərə qoşulacaq. Düşünürəm ki, beynəlxalq ictimaiyyətə biz öz siyasi birliyimizi nümayiş etdirməliyik.

Təbii ki, çox istərdim uzun müddətdən sonra baş tutan bu görüş bundan sonra da davam etsin. Demokratik mühitin formalaşmasında bu istiqamətli görüşlər mühüm əhəmiyyətə malikdir. Biz bunu çoxdan gözləyirdik. Çoxları bu birliyə qarşı çıxsalarda ən azından Avropa ictimaiyyətini Azərbaycanın siyasi elitasının vahid gücü ilə tanış etməyə ehtiyac var idi. Bu da baş tutdu. Bu baxımdan deyə bilərəm ki, görüşlər davam edərsə müsbət nəticələri də olacaq”, - deyə A.Mollazadə vurğulayıb.

Qeyd edək ki, uzun müddətdən sonra bu ilin sentyabrın 14-də baş tutan müxalifət-iqtidar görüşü Azərbaycanın siyasət tarixində dönüş yaratdı. Cəmiyyətdə hakimiyyət və ona əks qütbdə dayanan qüvvələrin biraraya gəlməsi birmənalı qarşılanmasa da hər iki tərəf bundan sonra da belə görüşlərin keçirilməsinə hazır olduqlarını bəyan ediblər. Hələlik iqtidar-müxalifət dialoqunun növbəti raundunun nə zaman baş tutacağı dəqiq bilinməsə də dünənki açıqlamasında Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov dialoqun davam edəcəyini vurğulayıb.

 

Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi