Sentyabrın 19-da AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivləri İkinci Fəxri xiyabanda görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini ehtiramla andılar.
Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək 20 il öncə dünyasını dəyişmiş böyük alimin keçdiyi 53-illik həyat yolundan və bu illərdə şərqşünaslıq elminə verdiyi böyük töhfələrdən söz açdılar. Çıxışlarda professor Aida İmanquliyevanın XX əsr Azərbaycan şərqşünaslıq elminin ən görkəmli simalarından biri olduğu və böyük alimin zəngin irsinin indi öyrənildiyi kimi, gələcəkdə də əhəmiyyətli tədqiqatlar mövzusu olacağına əminlik bildirildi. Aida xanımın elmi kadrların hazırlanmasında göstərdiyi xidmətlərdən söz açıldı, onun Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə bacarıqlı bir təşkilatçı kimi özünü göstərdiyi vurğulandı. Aida İmanquliyevanın itkisinin tək şərqşünaslığın deyil, bütövlükdə Azərbaycan elminin böyük itkisi olduğu qeyd edildi. Alimin məzarı önünə Şərqşünaslıq İnstitutunun və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivləri adından əklillər qoyuldu.