Özbəkistan qonşu Qırğızıstana ixrac etdiyi qazı kəsib. Modern.az-ın məlumatına görə, Özbəkistan soyuq hava şəraitinin hökm sürdüyü qonşu Qırğızıstana mavi yanacağın ixracını dayandırıb. Bu barədə “Qırğızqaz” dövlət şirkətinin bugünkü açıqlamasında bildirilir. Bişkək ölkənin Oş vilayətinə verilən qazın tam kəsildiyini bildirib. Daşkənd qazın kəsilməsinin səbəbini Bişkəkin qaza olan yığılmış borcunu ödəməməsi ilə izah edir. Məlumatlara görə, Bişkəkin Özbəkistana 7 milyon dollar qaz borcu var.
İki ölkə arasında əldə olunmuş razılaşmalara əsasən özbəklər qırğızlara 2010-cu il üçün qazın hər min kubmetri üçün 220 dollar müəyyən edib. Lakin bu rəqəm ötən ilin sonlarından 240 dollara qaldırılıb. Bu səbəbdən də borcun ödənməsində fasilə yaranıb. Qırğızıstan capi ildə Özbəkistandan 650 milyon kub.metr qaz almağı nəzərdə tutub.
Qırğızıstan yaxın illərdə qazı Türkmənistandan almağı düşünür. Yaxın 2-3 il ərzində alınacaq türkmən qazının Çinə çəkilən qaz kəməri üzərindən veriləcəyi bildirilir.