Milli Məclisin Mədəniyyət komitəsinin son iclasında deputat Leyla Abdullayeva sahəvi telekanalın yaradılması təklifini verib:
“Məlumdur ki, kiçik yaşlarından başlayaraq televiziya verilişlərini izləyən uşaqlar telekanalların auditoriyalarının kifayət qədər mühüm bir hissəsinin təşkil edirlər. Bir sıra hallarda isə televiziya verilişləri, telekanallar uşaqların tələbləri üçün heç də uyğun xarakter daşımır. Bir pedaqoq kimi qeyd edə bilərəm ki, böyüklərin baxdıqları verilişlərə hələ tam formalaşmış psixikaya malik olmayan uşaqlara göstərmək olmaz. Başqa sözlə, uşaqlar üçün xüsusi verilişlər və xüsusi telekanal lazımdır. Uşaqların kiçik yaşlarında onlara təqdim edilən informasiyanı tənqidi tərəfdən qəbul etmək qabiliyyətləri olmadığından, onlar televiziya ekranlarından onlara yönələn teleproqramları süzgəcdən keçirmədən ardıcıl və bütünlüklə baxmağa məcburdurlar. Uşaqlar tərəfindən belə xaotik şəkildə televiziyanın izlənilməsi müəyyən dəyər və ideyaların onlar tərəfindən yanlış qavranılmasına gətirib çıxara bilər. Bu həm də uşaqların inkişafına mane olur. Onların dünya görünüşünə, düşüncə tərzinə, təsəvvürlərinin formalaşmasına mənfi təsir edir”.
L.Abdullayevanın sözlərinə görə, ABŞ psixoloqları qeyd edirlər ki, 12 yaşına çatmış uşaq, yeniyetmə artıq 100 min zorakılıq və aqressiya ilə bağlı kadr və epizodları izləmiş olur.
”Bir çox müasir cizgi filmləri özündə bu tip səhnələri əks etdirir ki, nəticədə onları izləyən uşaqlar təsir altına düşərək öz sevimli qəhrəmanlarının davranışlarını təkrar etməyə çalışırlar”.
Deputat deyib ki, dünyanın bir sıra ölkələrində artıq sahəvi, milli dəyərlərə əsaslanan telekanallar fəaliyyət göstərirlər. Qardaş Türkiyədə dövlətin dəstəyi ilə 10-a qədər belə televiziya yaradılıb. Türkiyənin ictimai televiziyası hesab edə biləcəyimiz TRT şəbəkəsində xüsusi “TRT Çocuq” kanalı fəaliyyət göstərir.
“Yəni hər bir ailə tamamilə ödənişsiz, heç bir kabel televiziyalarına qoşulmadan belə televiziyaların proqramlarını izləmək imkanına malik olur. Qonşu Rusiyada isə uşaq telekanallarının sayı daha çoxdur. Xüsusi federal ödənişsiz telekanallarla yanaşı (“Karusel”, “Uşaq aləmi”, “Bibiqon”) onlarla regional və kabel kanalları da mövcuddur. Hər bir ailə öz dünya görüşünə görə telekanal seçmək imkanına malikdir. Bu ilin iyununda isə Ukraynada Dövlət Uşaq Telekanalının yaradılması barədə qərar qəbul edilib.
Xeyli zamandır bu mövzu ilə maraqlanan bir şəxs kimi bildirmək istəyirəm ki, belə kanalların açılması vacib olduğu qədər, həm də xeyli məsuliyyət tələb edir. Bunun üçün kiçik tamaşaçıların zövqləri, tələbləri, gündəlik rejimləri öyrənilməli, valideynlərin və psixoloqların tövsiyələri nəzərə alınmalı, xarici ölkələrin təcrübəsi öyrənilməlidir. Dünya miqyasında qarşılıqlı hörmət, sevgi, yardımlaşma kimi xüsusiyyətləri təbliğ edən öyrədici proqramlar, cizgi filmləri əldə edilməli, peşəkar tərcüməçi və aktyorlar bu prosesə cəlb edilməlidirlər. Efirdə heyvanlar aləmi, maraqlı faktlar, elmi kəşflərlə bağlı verilişlərə yer verilməlidir. Özü də bu filmlər o səviyyədə olmalıdır ki, həm böyüklər, həm də kiçik tamaşaçılar bir yerdə maraqla bu proqramları izləyərək yeni məlumatlar əldə edə bilsinlər. Interaktiv proqramlara mütləq şəkildə yer verilməlidir. Müxtəlif xalqların dillərini, mədəniyyətlərini öyrənməyə maraq yaradılmalıdır”.
Milli Teleradio Şurasının ayrıca uşaq teklekanalının yaradılması barədəki təkilifinə toxunan deputat “mən hesab edirəm ki, biz bu təklifi Mədəniyyət Komitəsi olaraq mütləq dəstəkləməliyik. Artıq ölkəmizdə sahəvi idman və mədəniyyət kanalları fəaliyyət göstərir. Bu təcrübəni inkişaf etdirərək uşaq telekanalının yaradılması çox yerinə düşərdi. Doğurdan da nə üçün bizdə, məsələn, “Cırtdan” Uşaq Telekanalı fəaliyyət göstərməsin?!”.
L.Abdullayeva deputatları, medianı bu mühüm məsələnin daim gündəlikdə saxlanılması üçün aktiv olmağa çağırıb.
Modern.az