Təhsil Nazirliyi maliyyə şöbəsinin sabiq müdir müavini Orxan Kərimovun bu gün məhkəməsi olub. Modern.az-a bu barədə Orxan Kərimovun vəkili Ramiz Məmmədov məlumat verib. Onun sözlərinə görə, iclas zamanı təqsirləndirilən şəxslərdən biri dindirilib. “İclas bitdi, amma proses, yəni araşdırmalar davam edir. Məhkəmə iclası sentyabrın 21-nə təyin olundu”.
Qeyd edək ki, məhkəməyə sədrliyi hakim Ramella Allahverdiyeva edib, O. Kərimovun hüquqlarını müdafiə edənlər isə Ramiz Məmmədov və Müzəffər Baxışdır.
Xatırladaq ki, Orxan Kərimov ötən il iyunun 6-da həbs olunub. O, Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə ) və 311-ci (rüşvət alma - passiv rüşvətxorluq) maddələri ilə ittiham olunur. Amma prezident İlham Əliyevin göstərişi ilə ürək xəstəliyindən əziyyət çəkən O.Kərimov barəsində seçilmiş həbs-qətimkan tədbiri bir müddət öncə dəyişdirilib və o, müalicəyə göndərilib. O. Kərimov iyunun 27-də Mərkəzi Klinik Xəstəxanada ürəyindən əməliyyat olunub.
S. İltifatqızı