“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirlər həyata keçirir.
“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”ı çərçivəsində ən böyük layihələrdən olan Ceyranbatan-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəmərinin inşası uğurla davam edir. Hazırda Ceyranbatan Sutəmizləyici Qurğular Kompleksindən yeni tikiləcək “+ 118” su anbarına qədər 11 km uzunluğunda 2 paralel xətt (1620 mm diametrində), həmçinin “+ 118” su anbarından Balaxanı anbar kompleksinə qədər 21 km uzunluğunda 2 paralel xətt (1420 mm diametrində) çəkilir. Tikinti işlərinə başlanandan indiyə qədər 3 km uzunluğunda boru qaynaq edilib, 5 km-dən artıq hissədə xəndək qazılıb.
”Azərsu”dan bildirilib ki, işlərin keyfiyyətlə yerinə yetirilməsi üçün texniki tələblərə uyğun olaraq boruların qaynaq edilmiş hissəsi ultrasəs aparatı vasitəsi ilə yoxlanılır və hər bir qaynaq tikişi üçün fərdi rəy verilir. Nəql olunacaq suyun keyfiyyət göstəricilərinin yüksək saxlanması və korroziyanın qarşısını almaq üçün kəmərlərin çəkilişində istifadə olunan borular daxildən xüsusi boya ilə örtüklənib. Ümumi uzunluğu 150 km-dən çox olacaq Ceyranbatan-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral kəmərinin tikintisi 2013-cü ildə başa çatdırılacaq.