Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov Qala qəsəbəsinin sakinləri ilə səyyar görüş keçirib. Modern.az xəbər verir ki, görüşdə millət vəkili Rauf Əliyev, rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri və xidmət sahələrinin rəhbərləri iştirak ediblər. 100 nəfər sakinin iştirak etdiyi görüşü İcra Hakimiyyətinin başçısı Gülağa İslamov açaraq Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində, həmçinin sosial – iqtisadi sahədə əldə edilmiş nailiyyətlər və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın ümumillikdə rayonda gördüyü məqsədyönlü işləri, o cümlədən Qala qəsəbəsində payız-qış aylarına görülən hazırlıq işləri barədə sakinlərə məlumat verib. Qala sakinləri tərəfində əsasən içməli və texniki suyun olmaması narahatlığına cavab olaraq, G.İslamov qəsəbədə 20 min m3 tutumlu su anbarının tikintisinin davam etməsi barədə məlumat verib. Görüşdə Qala qəsəbə sakinləri çıxış edərək qəsəbədə və yaşadıqları məhəllədə mövcud olan nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər.
Milli Məclisin üzvü Rauf Əliyev sakinlər qarşısında çıxışında bildirib ki, Prezidentin göstərişinə əsasən, 2013-cü ilədək qəsəbələrin heç birində su problemi olmayacaq və qarşıdan gələn qış aylarında qaz problemi aradan qaldırılacaq. Sonda rayon icra başçısı Gülağa İslamov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyatı qurum rəhbərlərinə müvafiq tapşırıqlar verib.