"Hakimiyyətyönlü partiyalar hər hansı blokda birləşməyəcəklər” 2013-cü il prezident seçkilərinə bir ildən artıq vaxt qalsa da, siyasi müstəvidə nisbi canlanma hiss olunur. Artıq bir neçə siyasi partiya seçkilərlə bağlı öz mövqeyi bəyan edib. Namizədlər də demək olar ki, müəyyən mənada bəllidir. Hətta bəzi siyasi qüvvələr tarixi günə bir il qalsa da, indidən seçki hazırlığına start verib. Müxalifət düşərgəsini təmsil edən partiyaların əksəriyyəri prezident seçkirlərində vahid blok şəkilində iştirak edəcəklərini bildirsələr də, bu istiqamətdə iqtidaryönlü partiyaların fəaliyyəti demək olar ki, hiss olunumur. Bəs özünü iqtidara yaxın hesab edən siyasi partiyalar necə, seçkilərdə hansı formada iştirak edəcəklər? Onlar vahid blokda birləşəcəklərmi? Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı Modern.az-a açıqlamasında Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı deyib: “Ana Vətən Partiyası olaraq biz fəaliyyətimizi ölkəmizdə keçiriləcək prezident seçkilərində qəbul etdiyimiz prinsiplərə və siyasi kursa uyğun quracağıq. Biz düşünürük ki, qarşıdan gələn prezident seçkilərində prezident İlham Əliyev namizəd olmalı və qalib gəlməlidir. Mən və təmsil etdiyim partiya ölkə başçısı İlham Əliyevin namizədliyini dəstəkləyirik. Bu istiqamətdə əlimizdən gələn hər şeyi etməyə də hazırıq. Hesab edirəm ki, bunun Azərbaycanın milli maraqları və dövlətçilik ənənələri tələb edir. Yerdə qalan digər taktiki məsələlərə seçki ərəfəsində baxılacaq”, - deyə partiya sədri mövqeyini açıqlayıb. İqtidaryönlü partiyaların seçkiöncəsi vahid blokda birləşməsinə gəlincə, F.Ağamalı bunun yolverilməz olduğunu deyib. Deputatın sözlərinə görə, hazırda iqtidarın blok və ya hər hansı birlikdə təmsil olunması gündəmdə deyil: “İndiyə kimi bizdə belə bir təcrübə olmayıb. Ümidvaram ki, 2013-cü il prezident seçkilərində iqtidaryönlü partiyalar hər hansı blokda birləşməyəcəklər. Hesab edirəm ki, hər hansı bloka da ehtiyac duyulmur. Mən belə bir təşəbbüs irəli sürmək istəməzdim. Qeyd edim ki, bu gün özünü iqtidaryönlü hesab edən siyasi partiya təfərindən belə bir təklif gələrsə, biz qəbul etməzdik. Çünki, hər hansı tanınmayan partiya güclü partiyanın hesabına özünü tanıtmaq üçün belə təklif edərsə sözsüz ki qəbul etməyəcəyik”. Anar RÜSTƏMOV