Modern.az

Nazirlik ÜST-nin antitütün qərarından narahat deyil

Nazirlik ÜST-nin antitütün qərarından narahat deyil

21 Sentyabr 2012, 10:09

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) noyabrın 12-də Seulda keçiriləcək toplantısında qəbul edilməsi gözlənilən “Tütün nəzarəti üzrə çərçivə müqaviləsi” tütün istehsalçılarının narahatlığına səbəb olub. Bu çərçivə müqaviləsinə edilən dəyişikliklərə görə, tütün istehsalının və ixracının azaldılması nəzərdə tutulub. Beynəlxalq Tütün İstehsalçıları Dərnəyinin sədri Antonuiyo Abrunhosa bildirib ki, tütün məhsullarının istehsalını məhdudlaşdırma onun istifadəsini heç də azaltmayacaq. Tütün istehsalının azaldılması ilə razılaşmaya ABŞ, Braziliya, Argentina , Zimbabve və Malavi kimi ölkələrlə müqayisədə, Azərbaycanda tütün məhsullarına tələbat heç də az deyil. Maraqlıdır, DST-nin qərarı bu qərar ölkəmizdə tütün istehsalını azaldacaqmı?

Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik məhsullarının istehsalı, emalı və ərzaq ehtiyatlarının dövlət tənzimlənməsi şöbəsinin müdiri Sabir Vəliyevin Modern.az-a verdiyi məlumata görə, son illər Azərbaycanda tütünün istehsalı ümumiyyətlə azaldıb. Odur ki, narahatlığa heç bir əsas yoxdur: “Sovetlər dönəmində 56 min tona yaxın tütün istehsal edilirdi. İndi isə bu göstərici 2500 tona yaxındır. Ümumiyyətlə, bu il 1532 hektar ərazidə tütün əkilib. Gələcəkdə tütünün istehsalının artırılması gözlənilmir”.

Tütün istehsalının artırılması ilə bağlı dövlət proqramının olmadığını deyən şöbə müdirinin sözlərinə görə, tütün təsərrüfatı gəlirli sahə olsa da insan sağlamlığı üçün təhlükəlidir və onun istehsalının artırılması məsləhət deyil:

“Bakıda bir tütün emalı müəssisəsi var ki, o da “Baku European Tabacco”dur. Tütün əsasən xarici ölkələrdən idxal olunur. İxrac isə demək olar ki, yoxdur. Azərbaycanda tütünə tələbatı ədədlə hesablasaq 1 milyarda qədərdir. Dağ rayonlarında tütün yetişdirmək üçün münbit şərait var. Maddi cəhətdən gəlirli sahə olsa da insan orqanizmi üçün ziyanlı bir məhsul olduğundan onun yetişdirilməsi heç də məsləhətli deyil. Odur ki, Kənd Təsərrüfatı Nazirliyi də buna o qədər də fikir vermir. Əsas layihələr ərzaq məhsullarının artırılmasına yönəldilib. Məsələn, şərabçılıq məhsulları, ərzaq məhsullarının təminatına dair, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları var. Amma tütün istehsalının artırılması haqqında dövlət proqramı yoxdur. Siqaret çəkən adam tütün istehsalı azalsa belə, yenə də siqaret alıb çəkəcək. Ona görə də, burada əsas məsələ tütünün istehsalını azaltmaq yox, təbliğatı gücləndirməkdir”.  

Gültəkin Ələsgər
 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi