“Biz inanırıq ki, yol verilmiş nöqsan və pozuntulara görə cavabdeh şəxslər aşkar olunacaq"
Azərbaycan Dillər Universiteti (ADU) Hesablama Palatasının bu ali təhsil ocağında aşkarladığı ciddi maliyyə nöqsanları ilə bağlı açıqlama verib. Universitetin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətidən Modern.az saytına bildirilib ki, 2012-ci ilin may ayında Azərbaycan Dillər Universitetinin (ADU) təşəbbüsü ilə Hesablama Palatasına universitetdə müvafiq yoxlamaların aparılması məqsədi ilə müraciət olunub və müvafiq rəsmi məktub göndərilib.
“Məktub əsasında Hesablama Palatası Azərbaycan Dillər Universitetinin müvafiq qurumlarında yoxlamalar aparmış və bu zaman öz işini işgüzarcasına həyata keçirmişdir.
Hesablama Palatasının göndərdiyi təftiş qrupu ADU-ya ayrılmış büdcə vəsaitlərinin proqnozlaşdırılması və istifadə olunması üzrə mövcud vəziyyəti araşdırmış, universitetin maliyyə işlərində nöqsanlar, çatışmazlıqlar, mənimsəmə və pozuntu hallarının olduğunu müəyyən etmişdir. Təftişin nəticələri haqqında hesabat ADU-nun rektoruna təqdim olunmuşdur”-deyə ADU-dan bildirilib.
Qeyd olunur ki, rektor Səməd Seyidov hesabatla tanış olduqdan sonra öz izahatında göstərilən nöqsanların və pozuntuların üzə çıxarılmasını vacib hesab edərək daha ciddi araşdırmaların aparılmasını məqsədəuyğun hesab edib. Bu məqsədlə müvafiq materiallar Azərbaycan Respublikası Prokurorluğuna göndərilib.
“Biz inanırıq ki, yol verilmiş nöqsan və pozuntulara görə cavabdeh şəxslər aşkar olunacaq, bununla bağlı lazımi tədbirlər görüləcək və məsələlərə aydınlıq gətiriləcəkdir”-deyə ADU-nun açıqlamasında vurğulanıb.
Gültəkin ƏLƏSGƏRLİ